MƏDƏNİYYƏT
Alla Arriyetta Kordoves: Rusiyadan Azərbaycana turist axını hər il 30 faiz artır
Moskva, 9 oktyabr, AZƏRTAC
Rusiyada Azərbaycan üzrə birinci turoperator olan “TOUR A VENT” agentliyi Moskvada ənənəvi illik roud-şouya start verib.
AZƏRTAC xəbər verir ki, ölkəmizin turizm potensialının təqdimatı Azərbaycanın Rusiyadakı səfirliyində keçirilib. Moskvanın məşhur turoperatorlarının nümayəndələri üçün Azərbaycanın turizm marşrutlarından, ölkəmizin görməli yerlərindən, milli mətbəximizdən, şəhərlərimizin mədəni xüsusiyyətlərindən və ənənələrindən bəhs edən təqdimat materialları hazırlanıb.
“TOUR A VENT” agentliyinin baş direktoru Alla Arriyetta Kordoves AZƏRTAC-a müsahibəsində bildirib ki, işə bu cür yanaşma həm turistləri cəlb etməyə imkan yaradır, həm də onları Azərbaycanla, onun etnomədəni müxtəlifliyi, bənzərsiz təbiəti və zəngin tarixi irsi ilə daha yaxından tanış olmağa həvəsləndirir. O deyib: “Biz Rusiyanın turoperatorlarına söyləyirik ki, Azərbaycanda istirahət etmək çox maraqlıdır. Azərbaycanın otelləri, regionları, görməli yerləri, mədəniyyəti, tarixi və mətbəxi barədə məlumat veririk. Bu il roud-şou Moskva, Kazan, Novosibirsk və Tümen şəhərlərində keçiriləcək. Kazanda dəfələrlə çıxış etmişik. Bu şəhərin çox səmimi auditoriyası bizi həmişə gözləyir. Orada Azərbaycana çox böyük maraq var. Novosibirskdə və Tümendə hələ olmamışıq, lakin turoperatorların müraciətlərindən görünür ki, onlar bu istiqamətə fəal maraq göstərirlər.
Alla Arriyetta Kordovesin sözlərinə görə, Rusiyadan Azərbaycana turist axını hər il 30 faiz artır. Agentliyin baş direktoru vurğulayıb: “Rusiyalı turistlər Azərbaycana fəal səfərlər edirlər. Çoxları oraya dəfələrlə gedir. Biz “Azərbaycanın qızıl üzüyü”, “Böyük İpək Yolu”, qastronomik turlar, şərab turları və başqa tematik turlar təşkil edirik”.
Roud-şounun spikerləri qismində Azərbaycanın “Absheron Hotel group”, “Chinar Hotel & Spa Naftalan”, “Silkway Travel”, “Sheraton Baku”, “Pullman Baku”, “Qalaalti” və başqa iri otellərinin, otel şəbəkələrinin və turizm şirkətlərinin nümayəndələri çıxış ediblər.
“LSK Trevel” turizm agentliyinin nümayəndəsi Oleq Sidnin AZƏRTAC-ın müxbiri ilə söhbətində qeyd edib ki, Azərbaycan rusiyalı turistləri çox cəlb edir. O.Sidnin deyib: “Azərbaycan hələ sovet dövründə məşhur idi. O vaxt İttifaqın hər yerindən buraya istirahətə gəlirdilər. Mən özüm əslən Bakıdanam, Azərbaycanı yetərincə yaxşı tanıyıram, hətta özüm ekskursiyalar təşkil edə bilərəm. Lakin “TOUR A VENT” kimi peşəkar agentliklər var. Onlar istirahət günü turları, qastronomik turlar, şərab turları, dağ xizək idmanı turları və başqa maraqlı turlar təşkil edirlər. Azərbaycana gələn turistlərin çoxu oraya bir daha qayıdır. Ona görə ki, Azərbaycanın bütün gözəlliyini və qonaqpərvərliyini bir neçə gün ərzində hiss etmək mümkün deyil”.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva