ELM VƏ TƏHSİL
“Alman dili üzrə qiymətləndirmə alətlərinin təkmilləşdirilməsi” layihəsinin icrasına başlanılıb
Bakı, 24 fevral, AZƏRTAC
Dövlət İmtahan Mərkəzi DAAD-ın Azərbaycandakı nümayəndəliyinin dəstəyi ilə “Alman dili üzrə qiymətləndirilmə alətlərinin təkmilləşdirilməsi” layihəsini həyata keçirməyə başlayıb və layihə çərçivəsindəki onlayn təlimin ilk sessiyası bu gün baş tutub.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, sessiyada “Qiymətləndirmənin növləri və məqsədləri”, “Düzgün qiymətləndirmə necə olmalıdır?” “Yüksək keyfiyyətli qiymətləndirmənin prinsipləri”, “Standartlaşdırılmış dil imtahanları” mövzuları müzakirə olunub.
Təlim 24 fevral - 1 aprel tarixlərini əhatə edir və 5 həftə davam edəcək. Təlimdə iştirak edənlər aşağıda qeyd olunan mövzulara dair bilik və bacarıqlarını inkişaf etdirəcəklər:
-Dil bacarıqlarının qiymətləndirilməsində nəzəri anlayışlar;
-Dillər üzrə Ümumavropa Çərçivə Sənədinin (CEFR) dil bacarıqlarının qiymətləndirilməsinə tətbiqi;
-Qrammatikanın və lüğət bazasının qiymətləndirilməsi;
-Fərqli səviyyələr üzrə oxu, dinləmə, yazı və şifahi nitqin qiymətləndirilməsi.
Xatırladaq ki, layihənin iştirakçıları DİM-in alman dili fənni üzrə ekspertləri və daha öncə elan edilmiş müsabiqə əsasında seçilmiş alman dili müəllimləridir.
“Alman dili üzrə qiymətləndirilmə alətlərinin təkmilləşdirilməsi” layihəsi üzrə təlimçi dilin qiymətləndirilməsi üzrə mütəxəssis, Almaniyanın Rur Universitetinin müəllimi Anna Soltyskadır.