SİYASƏT
Almaniya mətbuatı Ermənistan silahlı qüvvələrinin Azərbaycanın mülki əhalisini atəşə tutmasından yazıb
Berlin, 8 iyul, AZƏRTAC
Almaniya mətbuatında cəbhə xətti boyunca Ermənistan tərəfindən atəşkəsin pozulması və erməni silahlı qüvvələrinin mülki azərbaycanlı əhaliyə qarşı törətdikləri vəhşiliklərə dair yazılar dərc edilib.
Almaniyanın “DPA” xəbərlər agentliyi “Bakı: Dağlıq-Qarabağda uşaq və qadın öldürülüb” başlıqlı xəbər yayılıb. Xəbərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinə istinadən, erməni ordusunun hücumu nəticəsində bir nəfər qadının və ikiyaşlı uşağın öldürüldüyü və Azərbaycan tərəfinin Ermənistanı atəşkəsi və beynəlxalq hüququ pozmaqda ittiham etdiyi bildirilir.
Məqalədə Ermənistan tərəfindən Azərbaycan torpaqlarının 20 faizinin işğal edildiyi qeyd olunur.
“Bersenbrücker Kreisblatt” regional qəzetində isə Ermənistan silahlı qüvvələri tərəfindən atəşkəsin pozulması nəticəsində bir qadın və bir azyaşlı uşağın öldürüldüyü qeyd edilir.
“Tageszeitung” qəzetinin 5 iyul buraxılışında Azərbaycanın Füzuli bölgəsinin Ermənistan ordusu tərəfindən artilleriya atəşinə tutulduğu, bu zaman mülki əhali arasında itkilərin olduğu, iki dinc sakinin qətlə yetirildiyi haqda xəbər dərc edilib. Yazıda, həmçinin Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Ermənistan tərəfindən işğal edildiyi bildirilir.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin