SİYASƏT
Almaniyada fəaliyyət göstərən daha bir Azərbaycan diaspor təşkilatı Fransa parlamentinin qərarına etirazını bildirmişdir
Bakı, 27 dekabr (AZƏRTAC). Diasporla iş Üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, Almaniyada fəaliyyət göstərən daha bir Azərbaycan diaspor təşkilatı Fransa parlamentinin qərarına etirazını bildirmişdir.
Almaniyanın Zaxhsen-Anhalt vilayəti üzrə Alman-Azərbaycan Mədəniyyət Cəmiyyətinin Fransa parlamentinə ünvanlandığı etiraz müraciətində deyilir ki, Fransa Milli Assambleyasının qondarma “erməni soyqırımı” iddialarını inkara görə cinayət məsuliyyəti müəyyən edən qanun qəbul etməsi bu ölkənin parlamentinin demokratik olmasına şübhə yaratmışdır.
“Dünyanın heç bir demokratik ölkəsində vətəndaşına başqa xalqın tarixi ilə bağlı doğruluğu sübut olunmayan qondarma “erməni soyqırımı”nı tanımağa məcbur etmək və tanımadığı təqdirdə cəza tətbiq etmək kimi təcrübə yoxdur. Tarixi məsələlər Türkiyə və Ermənistanın tarixçiləri tərəfindən araşdırılmalıdır”, - deyə müraciətdə qeyd olunmuşdur.
Almaniyanın Maqdeburq şəhərində yaşayan azərbaycanlıların müraciətində Fransa parlamentinə dünyanın gözü qarşısında ermənilər tərəfindən dinc azərbaycanlılara qarşı törədilmiş və faktların və şahidlərin olduğu Xocalı soyqırımını müzakirəyə çıxarmaq tövsiyə olunmuşdur.