SİYASƏT
Almaniyada keçirilən beynəlxalq seminar sona çatıb
Berlin, 10 may, AZƏRTAC
Helmholtz adına Alman Elmi-Tədqiqat Mərkəzləri Assosiasiyası və Almaniya Elm Adamları təşkilatının birgə təşkilatçılığı ilə Darmştadt şəhərində beynəlxalq seminar sona çatıb. Seminarda dünyanın müxtəlif ölkələrindən olan elm xadimləri və beynəlxalq siyasət üzrə mütəxəssislər, həmçinin Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin ikinci katibi, siyasi elmlər üzrə fəlsəfə doktoru Rauf Cəfərov iştirak edib.
AZƏRTAC xəbər verir ki, seminar Almaniyanın timsalında elmin müxtəlif sahələrində əldə edilmiş nailiyyətlərin praktik tətbiqinə, eləcə də beynəlxalq siyasətin elmlə vəhdətinə həsr edilib.
Seminarda, həmçinin Almaniyanın akademik mühitində son illərdə müxtəlif sahələrdə dəyişikliklərin müşahidə edilməsindən və Almaniyanın timsalında dünyanın aparıcı sənaye dövlətlərində qəbul edilən qərarların mütləq əksəriyyətinin elmi araşdırmalara əsaslanmasından bəhs edilib. Nəticədə, elmin özünə qoyulan tələblərin və gözləntilərin getdikcə artdığı, ali məktəb sektorunda islahatların aparıldığı, dövlət tərəfindən maliyyələşdirilən elmi-tədqiqat cəmiyyətlərinin yaradıldığı qeyd edilib.
İştirakçılar elmlə beynəlxalq siyasətin qarşılıqlı təsirlərinə dair fikir mübadiləsi apararaq, elmin inkişafında ayrı-ayrı aktorların, yəni dövlətlərin, iri şirkətlərin, hətta fərdlərin oynadıqları rolu müzakirə ediblər. Qeyd edilib ki, əksər hallarda irimiqyaslı elmi-tədqiqat işlərində dövlətlərin rolu əvəzolunmazdır və məhz dövlətlər elmdə əldə edilən nailiyyətlərin neqativ məqsədlər (pandemiyalar, genetik manipulyasiya, atom enerjisindən istifadə, iqlim dəyişiklikləri) üçün istifadəsinin qarşısını ala biləcək yeganə qüvvə sayılırlar.
Seminarın sonunda elm, təhsil və texnika sahələrində əldə etdikləri nailiyyətlərinə görə Almaniyada bir neçə qabaqcıl regionun mövcud olduğu iştirakçıların diqqətinə çatdırılıb. Buna nümunə olaraq, Rayn-Mayn bölgəsi göstərilib. Rayn-Mayn bölgəsi Frankfurt-Mayn şəhəri daxil olmaqla, Hessen və Raynland-Pfalz federal torpaqlarından ibarətdir. Burada 10-a yaxın ali təhsil ocağının, 20-dən çox universitetdənkənar elmi-tədqiqat institutlarının, habelə Federal Hökumətin və Avropa İttifaqının büdcəsindən maliyyələşdirilən 70-dən çox uzunmüddətli iri araşdırma proqramlarının fəaliyyət göstərdiyi bildirilib.
Seminar Darmştadt şəhərində yerləşən elmi təsisatlara ekskursiya ilə sona çatıb.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin