Almaniyadakı “Xəzər” Alman-Azərbaycan Cəmiyyətinin sədri, Hannover şəhəri Sahlkamp-Vahrenheide rayonun deputatı və inteqrasiya şurasının üzvü Etibar Qəniyevdən
AzerTAg.az
Zati-aliləri,
Almaniyanın Aşağı Saksoniya Federal əyalətində fəaliyyət göstərən “Xəzər” Alman-Azərbaycan Cəmiyyəti, Hannover şəhərində və eləcə də federal əyalətdə məskunlaşmış Azərbaycan diasporu Sizi yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə ürəkdən təbrik edir.
Məhz bu seçkilərin nəticəsi qarşıdan gələn beş ildə Azərbaycanın dünya ictimaiyyətində, o cümlədən Avropa məkanında siyasətini, iqtisadi strategiyasını, sosial inkişafını, ölkə vətəndaşlarının rifahını və ümumxalq müvəffəqiyyətini müəyyən edəcəkdir. Ölkədə gedən bütün proseslər sözsüz ki, xarici ölkələrdə yaşayan azərbaycanlıların da həyat və fəaliyyətində, ruh və mənəviyyatında əks olunacaqdır.
Azərbaycan Respublikası ötən on il ərzində Sizin rəhbərliyinizlə həyatın bütün sahələrində həqiqətən böyük inkişaf yolu qət etmişdir. Bu inkişafın bəhrəsi Almaniyada yaşayan biz azərbaycanlılar üçün xüsusilə qiymətlidir. Azərbaycan gənc müstəqil dövlət olaraq ildən-ilə siyasi cəhətdən sabitləşmiş, dünya iqtisadiyyatında Azərbaycanın mövqeyi güclənmiş, ölkədə uğurlu sosial islahatlar həyata keçirilmiş və bunun nəticəsində xalqın rifahı əhəmiyyətli dərəcədə yüksəlmişdir. Eyni zamanda, təhsil və mədəniyyət, idman və turizm, ətraf mühitin mühafizəsi sahələrində də böyük irəliləyişlər əldə edilmişdir. Qərb ilə Şərqin kəsişməsində yerləşən Azərbaycan bu illər ərzində hər iki dünya sivilizasiyasının müsbət nailiyyətlərini əks etdirməyə çalışaraq Avropa məkanına inteqrasiyanın ilkin mərhələsini uğurla keçmişdir.
Bu müvəffəqiyyətlər sözsüz ki, bütün ölkənin, ilk növbədə isə şəxsən Sizin, cənab Prezident, böyük səyiniz nəticəsində qazanılmışdır. Zati-aliləri, Siz qloballaşan dünyada, Cənubi Qafqaz regionundakı mürəkkəb şəraitdə Azərbaycanın taleyini böyük siyasi bacarıqla düzgün istiqamətləndirmiş, Vətənimizin nüfuzunu artırmış, ölkəmizi inkişaf yolu ilə daim irəliyə aparmısınız.
Xüsusilə qeyd etmək istərdim ki, məhz Sizin rəhbərliyinizlə Azərbaycanın son on ildə qazandığı möhtəşəm nailiyyətlər diaspor quruculuğu sahəsində də böyük uğurların əldə edilməsi ilə nəticələnmişdir. Siz diasporumuzun fəaliyyətinə daim diqqət və qayğı göstərmiş, Azərbaycançılıq ideologiyasının inkişafını və yayılmasını dəstəkləmisiniz.
Son on il ərzində Sizin rəhbərliyinizlə həyata keçirilən inkişaf strategiyası və bunun parlaq uğurları seçkilərin nəticələrini şərtləndirən əsas amillərdir. Əminik ki, təməlində ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasətin dayandığı bu strategiya qarşıdakı illərdə də Azərbaycanı daim irəli aparacaqdır.
“Xəzər” Alman-Azərbaycan Cəmiyyəti xüsusi vurğulayır ki, seçkilərdə parlaq qələbə Sizin qazandığınız yüksək nüfuzun, xalqın arzu və istəklərinin ifadəsidir. Azərbaycanın sürətli iqtisadi tərəqqisi, əhalinin rifahının yüksəlməsi, dünya arenasında rolunun möhkəmlənməsi Sizin adınızla ayrılmaz surətdə bağlıdır. Seçkilərin nəticələri, həmçinin Sizin şəksiz liderliyinizlə Azərbaycanın beynəlxalq ictimaiyyətdə böyük nüfuza malik demokratik cəmiyyət kimi inkişafının sübutudur.
Zati-aliləri, Sizi bir daha inamlı qələbəniz münasibətilə təbrik edir, Azərbaycanımızın daha parlaq gələcəyi, Avropa məkanına sürətli inteqrasiyası naminə həyata keçirdiyiniz siyasətdə müvəffəqiyyətlər diləyir, Vətənimizin Sizin kimi Prezidenti ilə fəxr edirik.
Biz bu qənaətdəyik: İlham Əliyevin qələbəsi Azərbaycanın zəfəridir!
Hörmətlə,
Etibar Qəniyev
Almaniyadakı “Xəzər” Alman-Azərbaycan Cəmiyyətinin sədri,
Hannover şəhəri Sahlkamp-Vahrenheide rayonun deputatı və
inteqrasiya şurasının üzvü
Xəbərin mətnində orfoqrafik səhv var