İQTİSADİYYAT
Alternativ enerji sahəsində hərraca çıxarılacaq 8 coğrafi ərazi üzrə layihələrin ümumi gücü 750 meqavatdır
Bakı, 28 noyabr, Pərvanə Rəhimova, AZƏRTAC
Azərbaycanda alternativ enerji sahəsinin inkişafı çərçivəsində hərraclara çıxarılacaq 8 coğrafi ərazi üzrə layihələrin ümumi gücü 750 meqavat təşkil edir.
AZƏRTAC xəbər verir ki, bu barədə Bərpaolunan Enerji Agentliyi (IRENA) ilə Alternativ və Bərpaolunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin (ABOEMDA) təşkilatçılığı ilə keçirilən Azərbaycanda bərpaolunan enerji mənbələrindən istifadəyə hazırlıq vəziyyətinin qiymətləndirilməsi üzrə beynəlxalq seminar zamanı Energetika Nazirliyinin aparat rəhbəri Zaur Məmmədov deyib.
Onun sözlərinə görə, sözügedən ərazilərə investisiyalar cəlb edilməklə 5 külək və 3 günəş elektrik stansiyasının inşası planlaşdırılır.
Seminarda çıxış edən ABOEMDA-nın sədr müavini Cəmil Məlikov bildirib ki, agentlik strateji yol xəritəsinə uyğun olaraq 2020-ci ilədək 420 meqavat qoyuluş gücü olan külək, günəş və bioenerji stansiyalarının quraşdırılması üzrə fəaliyyətini davam etdirir.
Sonra bərpaolunan enerjinin sosial-iqtisadi faydalarından danışan IRENA-nın baş proqram icraçısı Prasson Aqarval bərpaolunan enerji mənbələrindən istifadəyə hazırlıq vəziyyətinin qiymətləndirilməsi üzrə təqdimatla çıxış edib.