CƏMİYYƏT
“Alyans” Gənclər Mərkəzinin kollektivi Türkiyənin Gürcüstandakı səfirliyini ziyarət edib
Tbilisi, 7 fevral, AZƏRTAC
Gürcüstan azərbaycanlıları Türkiyədə baş vermiş dəhşətli zəlzələdən sonra təbii fəlakət nəticəsində həyatını itirənlərin xatirəsinə hörmət məqsədilə qardaş ölkənin Tbilisidəki səfirliyinə gələrək həmrəylik nümayiş etdiriblər.
AZƏRTAC xəbər verir ki, “Alyans” Gənclər Mərkəzinin (AGM) təşəbbüsü ilə soydaşlarımız zəlzələ qurbanlarının xatirəsini ehtiramla yad edib, səfirliyin qarşısına gül dəstələri düzüblər.
AGM-in idarə heyətinin üzvləri, müxtəlif ali təhsil ocaqlarında təhsil alan tələbələr, eləcə də ictimaiyyət nümayəndələri Türkiyənin Gürcüstandakı səfiri Ali Kaan Orbayla görüşüblər.
Səfirlə söhbət zamanı zəlzələ nəticəsində dünyasını dəyişənlərə Allahdan rəhmət, yaralılara isə şəfa diləkləri çatdırılıb.
Gürcüstan azərbaycanlıları tərəfindən zərərçəkənlərə dəstək məqsədilə müxtəlif yardım kampaniyalarına başlanıldığı qeyd olunub.
Xatırladaq ki, Türkiyədə elan olunmuş matəmlə əlaqədar olaraq qardaş ölkənin Gürcüstandakı səfirliyinin önündə Türkiyə bayrağı da yarıya endirilib.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi