CƏMİYYƏT
Əmək və əhalinin sosial müdafiəsi naziri Lənkərandakı günərzi qayğı mərkəzində olub
Bakı, 23 iyul, AZƏRTAC
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovla birgə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) sifarişi ilə Lənkəran şəhərində fəaliyyət göstərən günərzi qayğı mərkəzinə baxış keçirib.
Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, mərkəzdə 3-12 yaşlı çətin həyat şəraitində olan 30-dan çox uşağa gündəlik olaraq və gün ərzində yarımstasionar formada xidmətlər göstərilir. Maraq və qabiliyyətləri nəzərə alınaraq, uşaqlar bacarıqlarının artırılması üçün müxtəlif dərnəklərə cəlb edilir, onların cəmiyyətə inteqrasiyası üçün müvafiq işlər aparılır. Mərkəz tərəfindən azyaşlıların vaxtının səmərəli keçməsi məqsədilə onlar üçün müxtəlif tədbirlər, ekskursiyalar, əyləncə mərkəzlərinə gəzintiləri təşkil olunur.
S.Babayev mərkəzdə yaradılmış şəraiti və göstərilən xidmətləri nəzərdən keçirib. Nazir sosial xidmət layihələrinin icrasında mütərəqqi dünya təcrübəsində mövcud olan səmərəli sosial xidmət metodlarının tətbiqi, bu sahədə reabilitasiya istiqamətinin üstün tutulması, əməkdaşların peşəkarlığının artırılması və s. barədə tapşırıqlar verib.
Qeyd edək ki, mərkəz “Gələcəyə Qayğı” Regionların Sosial-İqtisadi İnkişafına Dəstək İctimai Birliyi tərəfindən “Uşaqların dövlət uşaq müəssisələrinə düşməsinin qarşısının alınması, çətin həyat şəraitində olan uşaqların və ailələrin sosial xidmətlərə çıxışının təmin edilməsi məqsədilə günərzi qayğı mərkəzlərinin xidmətinin göstərilməsi” layihəsi çərçivəsində yaradılıb.
Hazırda ƏƏSMN-in sifarişi əsasında ixtisaslaşmış qeyri-hökumət təşkilatları tərəfindən 4 minədək uşağa reabilitasiyayönümlü sosial xidmətlər, o cümlədən müvafiq layihələr üzrə 13 rayondakı günərzi qayğı mərkəzləri tərəfindən 400-dək uşağa xidmət göstərilir.