CƏMİYYƏT
Əmək və əhalinin sosial müdafiəsi naziri Neftçalada beş rayonun sakinləri ilə görüşüb
Bakı, 15 fevral, AZƏRTAC
Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Neftçala rayonunda Neftçala, Salyan, Biləsuvar, Cəlilabad, Cəbrayıl rayonlarının sakinlərini fərdi qaydada qəbul edib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən xəbərə görə, qəbuldan əvvəl Sahil Babayev və Neftçala rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyev xalqımızın ümummilli lideri Heydər Əliyevin bu rayondakı abidəsi önünə gül dəstələri düzüb, xatirəsini dərin ehtiramla yad ediblər.
Vətəndaşlarla görüşündə nazir Prezident İlham Əliyevin cari ildə imzaladığı yeni Fərman və Sərəncamların əhalinin rifah halının yaxşılaşdırılması, əməkhaqları və digər sosial ödənişlərin artırılması, şəhid ailələri və müharibə əlillərinin, pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi sahəsində növbəti mühüm addımlar olduğunu vurğulayıb. O, həmin sənədlərdən irəli gələn tapşırıqların icrası sahəsində görülən işlər, sosial təminat, tibbi-sosial ekspertiza və reabilitasiya sistemlərinin şəffaflaşdırılması üçün aparılan islahatlar barədə məlumat verib.
Aktiv məşğulluq tədbirlərindən, özünüməşğulluq proqramının icrasından bəhs edən nazir ötən il məşğulluq orqanları vasitəsilə Neftçala, Salyan, Biləsuvar, Cəlilabad, Cəbrayıl rayonları üzrə 2254 nəfərin işlə təmin edildiyini, 41 nəfərin peşə hazırlığının təşkil olunduğunu, 614 ailənin özünüməşğulluq proqramına cəlb edildiyini deyib. Nazir bildirib ki, dövlət başçısının təşəbbüsü ilə cari ilin yanvar ayında icrasına başlanılan “İşsizin DOSTu” proqramı 30 minədək işsiz şəxsin əmək müqaviləsi üzrə ödənişli ictimai işlərə cəlb olunmasını nəzərdə tutur. Onlardan artıq 25 mindən çox şəxsin əmək müqaviləsi ilə bu işlərlə təminatı həyata keçirilib. Proqrama əsasən Neftçala, Salyan, Biləsuvar, Cəlilabad, Cəbrayıl rayonları üzrə də işsiz şəxslər ödənişli ictimai işlərə cəlb olunurlar.
Qəbul zamanı ayrı-ayrı sosial təminat növlərinə hüququn müəyyən olunması, tibbi-sosial reabilitasiya, məşğulluq, aktiv məşğulluq tədbirlərinə və özünüməşğulluq proqramına cəlbolunma və s. məsələlərlə bağlı müraciətlər dinlənilib. Müraciətlərdən sorğu xarakterli olanlarla bağlı hüquqi izahatlar verilib. Digər müraciətlərdə ifadə olunan məsələlər nazirliyin müvafiq struktur bölmələrinin məsul şəxslərinin iştirakı ilə yerindəcə araşdırılıb və nəticəsinə uyğun tədbirlər görülməsi üçün Sahil Babayev tərəfindən aidiyyəti tapşırıqlar verilib. Eləcə də bir sıra vətəndaşların aktiv məşğulluq tədbirlərinə, sosial xidmətlərə, potensial imkanları nəzərə alınmaqla özünüməşğulluq proqramına cəlb olunması, reabilitasiya xidmətləri ilə təminatı tapşırılıb.