CƏMİYYƏT
Amnistiya aktının icrası prosesində monitorinqlər aparılacaq VİDEO
Bakı, 11 noyabr, AZƏRTAC
8 Noyabr – Zəfər Günü münasibətilə elan olunmuş amnistiya aktının icrası üçün dörd aylıq müddətin göstərilməsinə baxmayaraq, bu prosesin daha qısa müddətdə icra olunacağına ümid edirəm.
AZƏRTAC xəbər verir ki, bunu Ədliyyə Nazirliyi yanında İctimai komitənin üzvü, “Konstitusiya Araşdırmaları” Fondunun prezidenti Əliməmməd Nuriyev noyabrın 11-də “Dövlətimizin humanist siyasətinin növbəti təzahürü" mövzusunda KİV-lərin iştirakı ilə keçirilən dəyirmi masada deyib.
O bildirib ki, amnistiya aktının imzalanmasından dərhal sonra 100-dən çox şəxs azadlığa buraxılıb. Amnistiyanın icrası daha tez – bir ay müddətində də yekunlaşa bilər. Amnistiya aktlarının tətbiqində sui-istifadə halları ola bilməz. Bu məsələdə Ədliyyə Nazirliyi tərəfindən çox ciddi nəzarət var. Bu proses müddətində monitorinqlər aparılacaq və ictimaiyyətə mütəmadi məlumat veriləcək.