REGİONLAR
Anar Quliyev: Azərbaycan işğaldan azad olunmuş ərazilərin bərpası prosesində qarşıya çıxan məsələləri 4 mərhələ üzrə həll edir
Ağdam, 5 oktyabr, E.Camalov, AZƏRTAC
Azərbaycan dünya təcrübəsi də nəzərə alınmaqla, işğaldan azad olunmuş ərazilərin bərpası prosesində qarşıya çıxan məsələləri müəyyən ardıcıllıqla, sistemli şəkildə həll edir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Ağdamda keçirilən Azərbaycan Milli Şəhərsalma Forumunda deyib.
Komitə sədri bildirib ki, birinci mərhələdə idarəetmə və təhlükəsizlik məsələləri: ərazilərin
minalardan və partlamamış sursatlardan təmizlənməsi, dövlət sərhədi üzrə nəzarətin təşkili, dövlət qurumlarının fəaliyyətinin bərpası təmin edilir. İkinci mərhələdə baza infrastrukturun yaradılması məsələləri: magistral nəqliyyat və mühəndis kommunikasiyalarının, meliorasiya sistemlərinin baş qurğularının tikintisi təmin olunur. Üçüncü mərhələdə sosial məsələlər: yaşayış məntəqələrinin bərpası və yenidən qurulması – yaşayış evləri, təhsil və səhiyyə müəssisələri, mədəni-məişət
xidməti obyektləri və sair tikilərək istifadəyə verilir. Dördüncü mərhələdə isə genişmiqyaslı iqtisadi məsələlər: məcburi köçkünlərin repatriasiyası prosesi ilə paralel iş yerlərinin yaradılması, iqtisadi fəaliyyət obyektlərinin istifadəyə verilməsi təmin edilir.
"Hazırda 1-ci və 2-ci mərhələlərə müvafiq məsələlərin həlli üzrə böyük işlər görülüb və bu işlər intensiv davam edir. Hədəfimiz işğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işlərinin qısa zamanda tamamlanması və soydaşlarımızın öz torpaqlarına geri dönüşünün təmin edilməsidir ki, son 2 ilə yaxın müddət ərzində bu istiqamətdə intensiv işlər aparılır. Görülən işlərin bariz nümunələrindən biri kimi qısa müddətdə – cəmi 8 aya tikilib istifadəyə verilmiş və bu gün təyyarə ilə Bakıdan gəldiyiniz Füzuli beynəlxalq aeroportunu və onun ətrafındakı infrastrukturu misal gətirmək olar", - deyə A.Quliyev vurğulayıb.
O diqqətə çatdırıb ki, hazırda təhlükəsizlik məsələlərinin həll edildiyi və baza infrastrukturun
yaradılması mümkün olmuş ərazilərdə 3-cü və 4-cü mərhələlərə aid məsələlərin paralel olaraq həlli davam edir.