SİYASƏT
Ankarada Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərinə dair fikir mübadiləsi aparılıb
Ankara, 2 oktyabr, АZƏRTAC
Azərbaycanın Türkiyədəki keçmiş səfiri Faiq Bağırov fəaliyyət müddətinin başa çatması ilə əlaqədar xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycan-Türkiyə münasibətlərinin bütün sahələr üzrə yüksələn xətlə inkişafına dair fikir mübadiləsi aparılıb. Ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinə əsaslanan əlaqələrin ən yüksək səviyyəyə çatdığı vurğulanıb.
Söhbət zamanı Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının Bakıda keçirilməsi nəzərdə tutulan növbəti iclası, Azərbaycan-İran-Türkiyə, Azərbaycan-Gürcüstan-Türkiyə, Azərbaycan-Türkiyə-Türkmənistan formatında üçtərəfli görüşlərin səmərəliliyi, gələcəkdə Azərbaycan-Pakistan-Türkiyə və Azərbaycan-Qazaxıstan-Türkiyə üçtərəfli formatlarında görüşlərin təşkili imkanları da müzakirə olunub.
Azərbaycan Prezidenti İlham Əliyevə salamlarının və ən xoş arzularının çatdırılmasını xahiş edən Mövlud Çavuşoğlu Faiq Bağırova bundan sonrakı fəaliyyətində uğurlar arzulayıb.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara