DÜNYA
Ankarada türkiyəli şəhid diplomatların xatirəsi anılıb VİDEO
Ankara, 18 mart, AZƏRTAC
Ankaradakı Cebeci Asri məzarlığında türkiyəli şəhid diplomatların xatirəsinə ucaldılan abidə önündə anım mərasimi təşkil olunub. Şəhid diplomatların məzarlarının üstünə tər çiçəklər, abidə önünə Türkiyə Prezidenti, Türkiyə Böyük Millət Məclisi, Azərbaycanın Türkiyədəki səfirliyi və digər qurumlar adından əklillər düzülüb.
AZƏRTAC xəbər verir ki, 18 mart-Şəhidlərini Anma Günü ilə əlaqədar Türkiyə Xarici İşlər Nazirliyi tərəfindən təşkil olunmuş mərasimdə səfirlər, Ankarada akkreditasiya olunan diplomatik korpusun təmsilçiləri, rəsmi şəxslər, şəhid diplomatların ailə üzvləri, KİV nümayəndələri iştirak ediblər.
Əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, ruhlarına dualar oxunub.
Sonra xarici işlər nazirinin müavini Sedat Önal çıxış edərək Türkiyə Respublikasının qurulması, təhlükəsizliyinin təmin edilməsi, ərazi bütövlüyünün qorunması, xalqın azadlığı və rifahı yolundan canlarından keçən qəhrəmanların xatirəsinin hər zaman ehtiramla yad olunduğunu diqqətə çatdırıb. Bildirib ki, türkiyəli diplomatlara, səfirliyin və baş konsulluğun əməkdaşlarına və onların ailə üzvlərinə qarşı törədilən terror aktları dünyada bərabəri olmayan cinayətdir.
Qeyd edək ki, Türkiyə dünyada ən çox diplomatı şəhid olan ölkədir. Diplomatların əksəriyyəti erməni terror təşkilatları tərəfindən qətlə yetirilib. ASALA erməni terror təşkilatının üzvləri 1973-cü il yanvarın 27-də Türkiyənin ABŞ-ın Los-Anceles şəhərindəki baş konsulu Mehmet Baydar ilə konsul Bahadur Dəmiri hədəfə alaraq qətlə yetiriblər. Sonrakı illərdə erməni terrorçular türkiyəli diplomatları və onların ailə üzlərini hədəf alıblar.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara