REGİONLAR


Aqrar İnkişaf Könüllülərinin həyata keçirdiyi “Aqrodata” layihəsi başa çatıb

Bakı, 21 may, AZƏRTAC

Aqrar İnkişaf Könüllülərinin həyata keçirdiyi “Aqrodata” layihəsi başa çatıb. Otuz gəncin cəlb olunduğu layihənin rəsmi bağlanış mərasimi Elektron Hökumətin İnkişafı Mərkəzində baş tutub.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildiriblər ki, mərasimdə layihə çərçivəsində görülən işlər barədə geniş məlumat verilib, “Aqrodata”nın nəticələri qiymətləndirilib. Kənd Təsərrüfatı Nazirliyinin İnsan resurslarının idarə edilməsi şöbəsinin müdiri Elvin Paşayev, Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Firdovsi Fikrətzadə, Elektron Hökumətin İnkişafı Mərkəzinin rəhbəri Fariz Cəfərov layihənin əhəmiyyətindən danışıb, iştirakçılara uğurlar diləyiblər.

“Aqrodata” Azərbaycanın kənd təsərrüfatında data analitika və onun analiz nəticələrindən bəhs edən ilk layihədir. Layihə müddətində gənclərə data analitika bacarıqlarını inkişaf etdirmək, toplanmış məlumatların əhəmiyyəti və onlardan istifadə imkanları barədə 20 müxtəlif təlim keçirilib. Təlimlər peşəkar təlimçilər və aqrar mütəxəssislər tərəfindən aparılıb.

Layihənin məqsədi kənd təsərrüfatında innovasiyanın təbliği, gənclərin aqrar sektora marağının yüksəlməsinə dəstək verməkdir. İki mərhələdən ibarət layihənin ilk mərhələsində seçilmiş 30 iştirakçıya müasir dövrlə ayaqlaşan aktual biliklər aşılanıb. Növbəti mərhələ Lənkəranda baş tutub. İştirakçılar təlimlər zamanı əldə etdikləri nəzəri məlumatların təcrübədə tətbiqi ilə tanış olub, müxtəlif təsərrüfat sahələrinə ekskursiya ediblər. İştirakçıların dünyagörüşünü artırmaq, aqrar sahə ilə daha yaxından tanış olmaq, aqrar bilikləri modernləşdirmək məqsədilə ekskursiyalar zamanı seminarlar təşkil edilib. Sonda iştirakçılar komandalara bölünərək onlara tapşırılan mövzular üzrə təqdimatlar hazırlayıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.