İQTİSADİYYAT
“Aqrarkredit” Asiya İnkişaf Bankı ilə gələcək əməkdaşlıq imkanlarını müzakirə edib
Bakı, 27 iyun, AZƏRTAC
“Aqrarkredit” Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının (“Aqrarkredit” QSC) rəhbərliyi ilə Asiya İnkişaf Bankının Azərbaycan nümayəndəliyinin rəhbərliyi arasında videokonfrans keçirilib.
QSC-dən AZƏRTAC-a bildirilib ki, videokonfransın məqsədi “Aqrarkredit”lə Asiya İnkişaf Bankı arasında əməkdaşlığın qurulması, gələcək perspektivdə bir sıra layihələrin birgə icrası olunub.
Qeyd edək ki, “Aqrarkredit” ölkədə iqtisadi fəallığın və əhalinin rifah halının yüksəldilməsinə köməklik göstərmək, qeyri-neft sektorunun, xüsusi ilə kənd təsərrüfatının inkişafına töhfə vermək məqsədilə real sektorda, o cümlədən kənd yerlərində fəaliyyət göstərən mikro, kiçik və orta sahibkarıq subyektlərinə kredit xidmətini genişləndirmək məqsədilə beynəlxalq əməkdaşlığa xüsusi önəm verir.
Görüş zamanı QSC-nin idarə heyətinin sədri Məmməd Musayev “Aqrarkredit”in ölkənin kənd təsərrüfatına kredit xidməti göstərən ən böyük maliyyə qurumlarından biri olduğunu qeyd edib və onun son illərdəki fəaliyyəti barədə ətraflı məlumat verib.
Kredit təşkilatının fəaliyyətində beynəlxalq maliyyə qurumları, xarici ölkələrin maliyyə təşkilatları və onların Azərbaycan nümayəndəlikləri ilə əməkdaşlığa xüsusi əhəmiyyət vediyini bildirən M.Musayev QSC-nin beynəlxalq əlaqələrdə böyük təcrübəyə malik olduğunu, bir çox kənd təsərrüfatı layihələrinin icrasını uğurla başa vurduğunu, elə bu çərçivədə Asiya İnkişaf Bankı ilə əməkdaşlıq etmək niyyətində olduqlarını vurğulayıb.
Asiya İnkişaf Bankının Azərbaycan nümayəndəliyinin rəhbəri Nariman Mannapbekov isə çıxışında birgə layihələrin həyata keçirilməsi üçün ölkədə münbit şəraitin mövcud olduğunu deyib. Bu aspektdə Asiya İnkişaf Bankının “Aqrarkredit” QSC ilə gələcək əməkdaşlığa önəm verdiyini və kredit təşkilatının fəaliyyəti barədə son illərin maliyyə hesabatları ilə daha yaxından tanış olmaq istədiklərini bildirib.
Videogörüşdə “Aqrarkredit” QSC-nin və Asiya İnkişaf Bankının Azərbaycan nümayəndəliyinin digər əməkdaşları da gələcək əməkdaşlıq barədə hansı konkret addımların atılmalı olduğu ilə bağlı öz fikirlərini bölüşüblər. Tərəflərin yeni görüşünün keçirilməsi və əməkdaşlıq barədə memorandumun imzalanmasının məqsədəuyğunluğu vurğulanıb.