SİYASƏT
“Arabnews”: Azərbaycanın Vətən müharibəsindəki Qələbəsi Cənubi Qafqazda davamlı sülhə zəmin yaradıb
Qahirə, 22 fevral, AZƏRTAC
Səudiyyə Ərəbistanının nüfuzlu “Arabnews” qəzetində türkiyəli politoloq Yaşar Yakışın Azərbaycanın Vətən müharibəsindəki Zəfəri və bu Qələbənin Cənubi Qafqazda sülhün və sabitliyin bərqərar olmasında əhəmiyyətindən bəhs edən geniş analitik məqaləsi dərc edilib.
AZƏRTAC xəbər verir ki, məqalədə Cənubi Qafqaz regionunun hələ qədim Bizans, İran və Osmanlı imperiyaları dövründən indiyədək maraqların kəsişdiyi ərazi olduğu, Sovet İttifaqının süqutu ərəfəsində ermənilərin yaranmış xaosdan istifadə edərək Azərbaycana məxsus Qarabağ bölgəsinin dağlıq hissəsini, daha sonra ətraf rayonları işğal etdiyi, bir milyondan çox azərbaycanlının qaçqın və məcburi köçkünə çevrildiyi, BMT və digər beynəlxalq təşkilatların erməni təcavüzünü pislədiyi diqqətə çatdırılır.
Müəllif qeyd edir ki, ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılan danışıqların nəticəsiz qaldığı bir şəraitdə Azərbaycan xalqı torpaqlarının azad edilməsində yalnız öz Silahlı Qüvvələrinə arxalanacağını çox yaxşı başa düşürdü və ordunun güclənməsi, ən müasir silahlarla təchiz edilməsinə başladı. Zabitlər müxtəlif ölkələrin, o cümlədən Türkiyənin hərbi məktəblərində təlim keçdilər və nəticədə Azərbaycanın qüdrətli ordusu formalaşdı.
Məqalədə son illər Ermənistanın hərbi təxribatlarından bəhs edilir və vurğulanır ki, ötən il sentyabrın 27-də son təxribatdan sonra Azərbaycan Ordusu cəmi 44 gün ərzində erməni silahlı qüvvələrini darmadağın edərək torpaqları azad etdi. “Ermənistan ordusu ağır məğlubiyyətə düçar oldu və Azərbaycan Silahlı Qüvvələri strateji əhəmiyyətə malik olan Şuşa şəhərini azad edərək Xankəndiyə gedən yolu açdı. Belə olan şəraitdə heç bir beynəlxalq təşkilat və dövlət Ermənistanı dəstəkləmədi, çünki müharibə onun ərazisində deyil, məhz Azərbaycanın öz torpaqlarında gedirdi”, - deyə Y.Yakış yazır.
Müəllif vurğulayır ki, Rusiya Prezidenti Vladimir Putinin vasitəçiliyi ilə imzalanan bəyanat, Ermənistanın baş naziri Paşinyanın məğlubiyyəti qəbul etməsi Cənubi Qafqazda qüvvələr nisbətini Azərbaycanın xeyrinə dəyişməklə yanaşı, həm də regionda davamlı sülh üçün əlverişli şərait yaradıb. O əlavə edir: “İndi regiona sülhün qayıtması fonunda Cənubi Qafqaz sabit əraziyə çevrilə bilər. Azərbaycanın inkişaf etmiş iqtisadiyyatından bəhrələnmək, neft və qazla zəngin olan bu ölkənin vətəndaşı kimi onun qanunları ilə hərəkət etmək Qarabağın erməni əhalisi üçün faydalı olardı”.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə