İDMAN
Arif Abdullayev: Güləşçilərimizin fiziki və taktiki-texniki hazırlığını ən yüksək səviyyəyə çatdırmağa çalışırıq
Bakı, 19 sentyabr, AZƏRTAC
Sərt karantinin tətbiq olunduğu aprel-may aylarında güləşçilərimiz ev şəraitində məşqlərini davam etdirdi. Biz onlarla daim əlaqə saxlayırdıq ki, formadan düşməsinlər.
AZƏRTAC xəbər verir ki, bunu sərbəst güləş üzrə yığmamızın məşqçisi Arif Abdullayev sentyabrın 19-da sərbəst və yunan-Roma güləşi üzrə yığmalarımızın açıq məşqi zamanı jurnalistlərə müsahibəsində deyib.
Məşqçi bildirib: “Güləşçilərimizin fiziki və taktiki-texniki hazırlığını ən yüksək səviyyəyə çatdırmağa çalışırıq ki, dekabrda keçirilməsi gözlənilən dünya çempionatına tam hazır olaq. Martda lisenziya turnirinə yollanmağa hazırlaşarkən yarışlar təxirə salındı. Ancaq federasiya rəhbərliyi və məşqçilər korpusu güləşçilərə həmişə olduğu kimi, dəstək verərək ruhdan düşməyə qoymadı”.
Xatırladaq ki, Dünya Güləş Birliyi (UWW) dekabrın 1-dək beynəlxalq yarışların bir qismini təxirə salıb, böyük əksəriyyətini isə ləğv edib. Bunlar arasında U-15 Avropa çempionatı, yeniyetmələr və 23 yaşadək güləşçilər arasında dünya və Avropa çempionatları, eləcə də gənclər arasında qitə birinciliyi də var. Qurum oktyabrın 5-də baş tutacaq İcraiyyə Komitəsinin iclasında pandemiyanın inkişaf tempini nəzərə alaraq Serbiyada təşkil olunması nəzərdə tutulan dünya çempionatının taleyinə aydınlıq gələcək.