CƏMİYYƏT
Arvadını öldürməkdə və tanışını qətlə yetirməkdə təqsirləndirilən şəxs barəsində axtarış elan olunub
Bakı, 14 iyul, AZƏRTAC
İyulun 9-da paytaxtın Binəqədi rayon sakini Nüşabə Səfərovanın (Səfayi) qəsdən öldürülməsi barədə rayon prokurorluğuna məlumat verilib.
Binəqədi Rayon Prokurorluğunun AZƏRTAC-a daxil olan məlumatında bildirilib ki, aparılmış araşdırmalarla zərərçəkmişin əri Əfqanıstan Respublikasının vətəndaşı Səməndər Səfayinin qısqanclıq zəminində aralarında yaranmış mübahisə zamanı mətbəx bıçağı ilə çoxsaylı xəsarətlər yetirərək Nüşabə Səfərovanı (Səfayi) qəsdən öldürməsinə və tanışı Canmirzə Cabbarovu öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən olunub.
Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.1-ci (qəsdən adam öldürmə) və 29, 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd) maddələri ilə cinayət işi başlanıb.
İyulun 12-də Səməndər Səfayi təqsirləndirilən şəxs qismində cəlb edilib. Ona ittiham elan etmək üçün barəsində axtarış elan olunub.
Cinayət işi üzrə istintaq davam edir.