ELM VƏ TƏHSİL
Arxeologiya və Etnoqrafiya İnstitutunda abidələrin qorunması, konservasiyası istiqamətində mühüm işlər görülür
Bakı, 18 aprel, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunda Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü ilə əlaqədar tədbir keçirilib.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, bu elm müəssisəsinin direktoru, professor Maisə Rəhimova tədbirin əhəmiyyətindən söz açıb.
Diqqətə çatdırılıb ki, 1983-cü ildə UNESCO-nun yanında Tarixi Yerlər və Abidələrin Mühafizəsi Şurasının Beynəlxalq Assembleyasının təsis etdiyi 18 aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü bütün tərəqqipərvər dünya ictimaiyyatı tərəfindən qeyd edilir. Azərbaycan Respublikasının ərazisi bəşəriyyət tarixinin az qala bütün mərhələlərini əks etdirən abidələrin məkanı, dünyanın unikal guşələrindən biridir.
M.Rəhimova Azərbaycan ərazisində tarixi abidələrin arxeoloji tədqiqatı, konservasiyası və mühafizəsi məsələlərinə də toxunub, abidələrin tədqiqi və qorunması yönündə Mədəniyyət və Turizm Nazirliyi ilə institutun birgə əməkdaşlığının müsbət nəticələrindən söz açıb.
Akademik Teymur Bünyadov, AMEA-nın müxbir üzvü İlyas Babayev, tarix elmləri doktoru Əsədulla Cəfərov, tarix üzrə fəlsəfə doktoru Qoşqar Qoşqarlı Azərbaycan ərazisindəki abidələrin milli və bəşər tarixi üçün unikal dəyərindən, institutun abidələrin qorunması, konservasiyası istiqamətində gördüyü işlərdən, arxeoturizm üçün Azərbaycanda olan böyük potensialdan danışıblar.
Tədbirdə Mədəniyyət və Turizm Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin abidələrə və tədqiqatlara nəzarət sektorunun müdiri Arif Əliyev Azərbaycan arxeoloqlarına istər milli tariximiz, istərsə də bəşər tarixi üçün fədakarlıq tələb edən tədqiqatlarına görə təşəkkürünü bildirib.
Sonra institutun təşkil etdiyi ekspedisiyalar tərəfindən respublika ərazisində aparılan arxeoloji qazıntıları, tədqiq olunan abidələri, abidələrin qorunması üçün aparılan konservasiya işlərini, tapılmış artefaktları əks etdirən slayd-təsvirlər göstərilib.