ELM VƏ TƏHSİL
Arxeoloqlar Elm Günü ilə əlaqədar videotəqdimatlar hazırlayıblar
Bakı, 27 mart, AZƏRTAC
Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları Elm Günü münasibətilə 2020 və 2021-ci ildə aparılmış tədqiqatları əks etdirən videotəqdimatlar hazırlayıblar.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Bildirilib ki, Neolit dövrünün Şomutəpə mədəniyyətinə aid Göytəpə yaşayış yeri (tədqiqatçılar Fərhad Quliyev, Yoşihiro Nişiyaki), ilk tunc dövrünün Kür-Araz mədəniyyətinə aid Çaqqallıqtəpə abidəsi (Səfər Aşurov və İlahə Nəhmətova), Keşikçidağ Qoruğunda aparılmış tədqiqatlar zamanı aşkar edilmiş orta tunc və son tunc dövrünə aid abidələr (Pərviz Qasımov), son tunc və ilk dəmir dövrünün Xocalı-Gədəbəy mədəniyyətinə aid Çovdar nekropolu (Səfər Aşurov və Bəxtiyar Cəlilov), orta əsr Şabran şəhər yeri (İlahə Nəhmətova) və Beşbarmaq dağında aparılmış tədqiqatlar (Sevinc Hüseynova) barəsində təqdimatlar institutun "YouTube" səhifəsində yerləşdirilib.
Yüksək səviyyədə hazırlanmış videotəqdimatlar elmi tutumu ilə yanaşı maarifləndirici məqsəd də daşıyır.