REGİONLAR
Əsgərimiz şəhid olduğu Ağdam kəndində dəfn edilib
Bakı, 13 iyul, AZƏRTAC
Ermənistanın təxribatı nəticəsində Azərbaycan Ordusunun şəhid olan hərbi qulluqçusu, baş əsgər 1996-cı il təvəllüdlü Elşad Dönməz oğlu Məmmədov Tovuz rayonunun Ağdam kəndində dəfn olunub. Elşad döyüşlərin getdiyi Ağdam kəndində xüsusi izdihamla yola salınıb. Onun kənddə sayca 11-ci şəhid olduğu bildirilir. Dəfn mərasimində şəhidin ailə üzvləri, ziyalılar, sakinlər iştirak ediblər.
Şəhidin atası Dönməz Məmmədov, kənd sakinləri Pərgər Həsənov, İsa Əliyev düşmənə layiqli cavab veriləcəyinə, şəhidlərimizin qanının yerdə qalmayacağına əminliklərini ifadə ediblər.
Qeyd edək ki, Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşindən istifadə edərək hücuma keçməyə cəhd göstərib. Düşmən tərəfi itkilər verərək geri çəkilib. Hazırda əməliyyat şəraiti ordumuzun nəzarəti altındadır.