REGİONLAR
Aşıq Ələsgər Azərbaycanın mədəni sərvətlər xəzinəsinə misilsiz töhfələr bəxş edib
Naxçıvan, 2 iyun, AZƏRTAC
Aşıq Ələsgər Azərbaycanın mədəni sərvətlər xəzinəsinə misilsiz töhfələr bəxş edib. Sənətkarın doğma təbiətə məhəbbət və vətənpərvərlik hisslərini vəhdətdə aşılayan, ana dilimizin saflığını və hüdudsuz ifadə imkanlarını özündə cəmləşdirən dərin koloritli yaradıcılığı Azərbaycan ədəbiyyatının parlaq səhifələrindəndir.
“Naxçıvan” Universitetinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, bu sözləri universitetdə keçirilən “Aşıq Ələsgər – 200” elmi konfransında çıxış edən ali təhsil ocağının rektoru, dosent Nurlana Əliyeva deyib. Rektor qeyd edib ki, Azərbaycan aşıq sənətinin ümumbəşəri dəyərlər sırasında qorunan dünya qeyri-maddi mədəni irs nümunələri siyahısına salınması həm də Aşıq Ələsgər sənətinə ehtiramın təzahürüdür.
Vurğulanıb ki, Aşıq Ələsgərin zəngin poetik irsinin geniş tədqiqi, nəşri və təbliğinin mühüm mərhələsi mədəni-mənəvi dəyərlərimizin bütün daşıyıcılarına həmişə xüsusi diqqətlə yanaşan ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndərimizin siyasi xəttini davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd olunması haqqında” 2021-ci il 18 fevral tarixli Sərəncamı, bu yubileyin Naxçıvanda geniş şəkildə qeyd olunması məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun Sərəncamı ilə Tədbirlər Planın təsdiq edilməsi görkəmli söz ustadının ədəbi irsinin təbliği baxımından mühüm əhəmiyyətə malikdir.
Konfransda professor Sədaqət Həsənovanın “Aşıq Ələsgərin dil- üslub xüsusiyyətləri”, dosent Əli Həşimlinin “Aşıq Ələsgər və yazılı ədəbiyyatda folklor ənənələri”, dosent Qənirə Əsgərovanın “Aşıq Ələsgər yaradıcılığında frazeoloji birləşmələrin rolu”, dosent Arifə Zeynalovanın “Söz sərrafı Aşıq Ələsgərin leksikası” mövzularında məruzələri dinlənilib.
Məruzəçilər Aşıq Ələsgərin bədahətən dediyi gəraylı, qoşma, təcnis, deyişmə, ustadnamə, müxəmməs və digər janrlarda olan əsərlərdən ibarət zəngin bədii irsini elmi-ədəbi təhlil ediblər.
Konfransın bədii hissəsində aşığın yaradıcılığından sevilən nümunələr səsləndirilib.