QAN YADDAŞI


Aşqabadda Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunan anım tədbiri keçirilib

Aşqabad, 26 fevral, АZƏRTAC

Azərbaycanın Türkmənistandakı səfirliyində Xocalı soyqırımının 28-ci ildönümü ilə bağlı tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, səfir Həsən Zeynalov Xocalı soyqırımı haqqında danışaraq 1992-ci il fevralın 26-na keçən gecə Xocalı şəhərinə ermənilər tərəfindən bütün istiqamətlərdən hücum edildiyini deyib. Diplomat nəticədə Ermənistan silahlı birləşmələrinin keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının köməyi ilə Xocalının işğalını həyata keçirdiyini qeyd edib. İşğalçıların Xocalını viran etdiklərini, onun dinc əhalisini xüsusi amansızlıqla soyqırımına məruz qoyduqlarını deyən səfir 106-sı qadın, 63-ü uşaq və 70-i yaşlı olmaqla, 613 mülki şəxsin qətlə yetirildiyini, 8 ailənin tamamilə məhv edildiyini, 25 uşağın hər iki valideynini itirdiyini, mindən çox sakinin yaralandığını, 1275 sakinin əsir götürüldüyünü, 155 sakinin itkin düşdüyünü və sadəcə, azərbaycanlı olduqları üçün onlara qarşı bu qırğının həyata keçirildiyini diqqətə çatdırıb.

Ermənistan silahlı birləşmələri tərəfindən dinc sakinlərin kütləvi öldürülməsinin, əsirlərin və meyitlərin təhqir edilməsinin dünya üçün sirr olmadığını qeyd edən Həsən Zeynalov bunun Ermənistanın keçmiş prezidenti Serj Sarkisyan tərəfindən fəxrlə etiraf edildiyini bildirib.

Xocalı soyqırımının Ermənistanın etnik təmizləmə siyasətinin tərkib hissəsi olduğunu bildirən səfir Xocalıda törədilmiş əməllərin beynəlxalq cinayət hesab olunduğunu, bu əməlləri törədən, onlarla əlbir olan və onlara kömək edənlərin hər birinin məsuliyyət daşıdığını qeyd edib.

Xocalı qətliamının soyqırımı kimi tanıdılmasının Azərbaycanın xarici siyasətinin vacib məsələlərindən olduğunu bildirən diplomat bir sıra dövlətlərin 40-a yaxın mərkəzi və yerli nümayəndəli orqanının, həmçinin İslam Əməkdaşlıq Təşkilatının Xocalıda dinc əhalinin qırğınının pislənilməsinə və Xocalı faciəsinin soyqırımı və insanlıq əleyhinə cinayət əməli kimi tanınmasına dair çoxsaylı qərarlar qəbul etdiklərini diqqətə çatdırıb.

“Xocalıya ədalət!” kampaniyası çərçivəsində atılan addımların əhəmiyyətini qeyd edən səfir beynəlxalq hüquq çərçivəsində görülən tədbirlərin cəzasızlığa son qoyulmasına və Ermənistanın Azərbaycana qarşı təcavüzü fonunda bəşəriyyət əleyhinə törədilmiş ağır cinayətlərə görə məsuliyyət daşıyan şəxslərin ədalət mühakiməsinə cəlb edilməsinə xidmət edəcəyinə əminliyini bildirib.

26 fevral tarixinin həm də Sumqayıt hadisələri ilə xarakterizə olunduğunu bildirən səfir Sumqayıtda baş verənlərin Dağlıq Qarabağ münaqişəsinin alovlandırılması yönündə ermənilərin sovet rəhbərliyi və dövlət təhlükəsizlik orqanları ilə birgə təşkil etdiyi xüsusi hazırlanmış ssenari olduğunu qeyd edib. Təsadüfi deyil ki, Sumqayıt hadisələrinin ildönümü günü Xocalı soyqırımını törədən ermənilər Sumqayıtın “intiqamı”nı aldıqlarını bildirirdilər.

Böyük bir hissəsinin uşaq, qadın və qocalardan ibarət olan dinc mülki əhaliyə qarşı onların milli mənsubiyyətinə görə edilən bu hərəkətlərin heç bir izahının, bəraətinin olmadığını, bu soyqırımını törədənlərin ən ağır şəkildə cəzalanmalı olduqlarını ifadə edən tədbir iştirakçıları soyqırımı qurbanlarının xatirəsinin hər bir azərbaycanlının qəlbində daim yaşayacağını bildiriblər.

Çıxışlardan sonra tədbir iştirakçıları Xocalı soyqırımını əks etdirən foto və video materiallara baxıblar.

İlahə Əhmədova

AZƏRTAC-ın xüsusi müxbiri

Aşqabad

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.