İQTİSADİYYAT


Astanada SOCAR və “KazMunayQaz” arasında saziş imzalanıb

Astana, 17 fevral, AZƏRTAC

Astanada SOCAR və Qazaxıstanın milli şirkəti “KazMunayQaz” (KMQ) arasında saziş imzalanıb.

AZƏRTAC xəbər verir ki, SOCAR-ın prezidenti Rövnəq Abdullayevin və “KazMunayQaz Milli Şirkəti” Səhmdar Cəmiyyətinin sədri Alik Aydarbayevin rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.

Tərəflər arasında imzalanan saziş “KazMunayQaz” şirkətinə məxsus “Sətti” üzən qazma qurğusunun Bakıda modernləşdirilməsini və daha sonra Xəzər dənizinin Azərbaycan sektorunda SOCAR-ın layihələrində qazma işlərinə cəlb olunmasını nəzərdə tutur.

Saziş Qazaxıstanın "KMG Drilling & Services" şirkətinin baş direktoru Andar Şukputov və "Caspian Drilling Company Ltd" şirkətinin baş direktoru Fərid Axundov tərəfindən imzalanıb.

İmzalanma mərasimində “KazMunayQaz” şirkətinin idarə heyətinin sədri Alik Aydarbayev və SOCAR-ın prezidenti Rövnəq Abdullayev iştirak ediblər.

Tərəflər arasında görüşdə neft-qaz sənayesi üzrə əməkdaşlıq perspektivləri müzakirə olunub, birgə iş planı barədə fikir mübadiləsi aparılıb.

“Sətti” üzən qazma qurğusunun modernləşdirilməsi 6 min metrdən çox dərinliyi olan kəşfiyyat quyularının təhlükəsiz və səmərəli qazılmasına imkan verəcək. Qazma qurğusu Xəzər dənizinin Azərbaycan sektorunda qazma işlərinə cəlb olunarkən bu prosesdə qazaxıstanlı mütəxəssislər də iştirak edəcək və texniki dəstək göstərəcəklər.

Qeyd edək ki, cari ilin yanvarında Bakıda Azərbaycanın SOCAR və Qazaxıstanın “KazMunayQaz” şirkətləri anlaşma memorandumu imzalayıblar.

İlahə Əhmədova

AZƏRTAC-ın xüsusi müxbiri

Astana

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.