REGİONLAR
Astarada mağazadan oğurluq edən şəxslər saxlanılıb
Astara, 3 iyun, Bağır Əliyev, AZƏRTAC
Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki mağazadan oğurluq edən şəxslər saxlanılıblar.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, Astara rayon sakini Ş.İsayev polisə müraciət edərək axşam saatlarında işlədiyi mağazaya gələn iki nəfərdən birinin onun diqqətini yayındırdığını, digərinin isə bir ədəd sərinkeş və kassadan 750 manat pulu oğurlayaraq mağazanı tərk etdiklərini bildirib.
Astara Rayon Polis Şöbəsinin əməkdaşları həmin şəxslərin saxlanılması istiqamətində müvafiq əməliyyat-axtarış tədbirləri keçiriblər.
Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları ilə birgə keçirilən tədbirlərlə oğurluğu törətməkdə şübhəli bilinən Bərdə rayon sakini M.Məmmədov idarə etdiyi avtomobillə Ağcabədi rayonu ərazisində saxlanılıb.
Saxlanılarkən cinayətin digər iştirakçısı olmaqda şübhəli bilinən Ə.Aydınovanın da sərnişin qismində maşında olduğu müəyyən edilib.
M.Məmmədovun idarə etdiyi avtomobilə baxış keçirilərkən mağazadan oğurladıqları sərinkeş və ilkin araşdırma zamanı ətraf rayonlardan oğurladıqları müəyyən edilən 4 ədəd samovar aşkarlanaraq maddi sübut kimi götürülüb.
Hazırda həmin şəxslərin digər şəhər və rayonlarda analoji cinayətlərdə iştirakını müəyyən etmək üçün araşdırmalar aparılır.