REGİONLAR
Astarada oxucular üçün “Açıq kitabxana” təşkil edilib
Astara, 20 iyul, Bağır Əliyev, AZƏRTAC
Astara şəhərində “Açıq kitabxana” layihəsi çərçivəsində oxucular üçün səyyar kitabxana xidməti təşkil edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Astara rayon Mərkəzi Kitabxanasının qarşısında təşkil olunan tədbirdə yüzlərlə kitabsevər, eləcə də ictimaiyyətin nümayəndələri iştirak edib.
Tədbirdə “Azərbaycan tarixi”, ”Uşaq ədəbiyyatı”, “Yeni kitablar”, “Ulu öndər Heydər Əliyev”, “Astara yazarları”, “Şəhidlər ölməz, Vətən bölünməz” guşələrində, ümumilikdə 1000 adda kitab sərgilənib.
Azyaşlı oxucular üçün nəzərdə tutulan “Yay məktəbi” adlı guşə də maraqla qarşılanıb. Mərkəzi kitabxananın uşaq şöbəsi azyaşlı oxucuların bədii zövqünün formalaşdırılması, onlar arasında mütaliə mədəniyyətinin yüksəldilməsi üçün 100-ə yaxın uşaq ədəbiyyatını sərgiyə çıxarıb.
Səyyar kitabxanada 50 nəfərə yaxın yeni oxucu kitabxanaya üzv yazılıb.