REGİONLAR
Astaradakı fərdi yaşayış evi üç əsrə şahidlik edir
Astara, 26 avqust, Bağır Əliyev, AZƏRTAC
Astara rayonunun Pensər kənd sakini Həmid Şabanoğlunun XIX əsrdə tikdirdiyi fərdi yaşayış evi üç əsrə şahidlik edir.
AZƏRTAC xəbər verir ki, iki dəfə yandırılan, sel sularına tab gətirən və təkcə yaşayış yeri deyil, həm də bir müddət məktəb kimi fəaliyyət göstərən bu tikilinin sahibi cənub bölgəsinin tanınmış simalarından olub. O, həm də xeyriyyəçi kimi tanınıb.
O dövrdə Həmid Şabanoğlunun yerli əhalini müdafiə etməsi ruslar və ermənilər tərəfindən xoş qarşılanmırdı. Elə bu səbəbdən tikdirdiyi ev onun ölümündən sonra iki dəfə talan edilərək yandırılıb. Lakin, sonradan bərpa edilib və kənddəki rus-tatar məktəbi iki ilə yaxın bu evdə fəaliyyət göstərib.
Fərdi yaşayış evi Astarada bir çox kəndləri yuyub aparan seldən də xətərsiz ötüşə bilib.
Hazırda bu evdə yaşayan Bəhruz Şabanov tikilinin möhkəm olmasının səbəbini belə izah edir: “Bişmiş qırmızı kərpicdən tikilən binadır. 10-15 kərpic yerin altındadır, bünövrəsi çox möhkəmdir. Divarların qalınlığı yuxarı hissədə 80, aşağıda isə 1 metr 20 santimetrdir.”
Fərdi yaşayış evində Həmid Şabanoğlunun tüfəngi, xəncəri, sandığı və şəxsi əşyaları qorunur.
1986-cı ildən yerli əhəmiyyətli tarixi abidə statusu alan evdə hazırda 3 ailə yaşayır.