REGİONLAR
Astaralı gənclər “Səyyar kitabxana”nın xidmətlərindən istifadə ediblər
Astara, 26 dekabr, Bağır Əliyev, AZƏRTAC
Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Səyyar kitabxana VI” layihəsinin növbəti mərhələsi 17-25 dekabr tarixlərində Astarada keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, “Səyyar kitabxana” layihəsinin həyata keçirilməsində məqsəd gənclərin kitab oxumağa marağının artırılması, onların təmənnasız olaraq kitab və elektron nəşrlərlə təmin olunmasıdır.
2013-cü ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın iştirakı ilə açılışı olan layihə ötən müddətdə Gəncə, Mingəçevir, Lənkəran, Şəki, Şirvan, Quba, Astara, Bərdə, Qazax, Tovuz, Sabirabad, Zaqatala, Şamaxı, Göyçay, Cəlilabad, Biləsuvar, Qusar, Xaçmaz, Gədəbəy, Şəmkir, Qəbələ, İsmayıllı, Naftalan rayon və şəhərlərində uğurla reallaşdırılıb və minlərlə oxucunu əhatə edib.
Layihə çərçivəsində üstüörtülü, xüsusi avtomobildə səyyar fəaliyyət göstərən kitabxanada 3000 kitab və 11000 elektron nəşr var.
Oxucuların işini asanlaşdırmaq məqsədilə xüsusi proqramda nəşrlərin elektron kataloqu da yerləşdirilib.
Kitabxanada Azərbaycan, rus, ingilis və türk dillərində nəşrlər mövcuddur. Burada müxtəlif yazıçı və şairlərin, elm və dövlət xadimlərinin, jurnalistlərin, siyasi icmalçıların əsərləri, bədii ədəbiyyat, tarix, elm və texnika, təhsil, mədəniyyət, idman, siyasət, iqtisadiyyat, uşaq ədəbiyyatı və digər mövzularda kitablar və elektron vəsaitlər mövcuddur.
Layihə çərçivəsində hər astaralı gənc oxucuya bir kitab hədiyyə olunub.
Fəaliyyət göstərdiyi 9 gün müddətində 350 nəfərədək astaralı gənc “Səyyar kitabxana”nın xidmətlərindən faydalanıb.
“Səyyar kitabxana” Astaradan sonra cənub bölgəsinin digər yaşayış məntəqələrində - Lənkəran, Cəlilabad və başqa rayonlarda olacaq.