REGİONLAR
Astaranın 14 kəndinin elektrik enerji təchizatı yaxşılaşdırılıb VİDEO
13 kilometr uzunluğunda 10 kV–luq yeni xətt istifadəyə verilib
Bakı, 4 sentyabr, AZƏRTAC
“Azərişıq” ASC istehlakçıların fasiləsiz, dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin olunması məqsədilə ölkəmizin digər bölgələrində olduğu kimi Cənub Regional Enerji Təchizatı və Satışı İdarəsinin xidməti ərazisində də geniş quruculuq işlərini davam etdirir.
ASC-dən AZƏRTAC-a bildirilib ki, Astara Elektrik Şəbəkəsinin ərazisində ümumi uzunluğu 13 kilometr olan 10 kV–luq xəttin çəkilişi həyata keçirilib. Bu isə ümumilikdə 14 kənddə 5 minədək sakinin elektrik enerji təchizatının yaxşılaşdırılması deməkdir. Təchizatın yaxşılaşdırılması bu istiqamətdə böyük həcmdə itkilərin də qarşısını almış olacaq.
Hər il müşahidə edilən sel, güclü qar və külək 50 ildən çoxdur ki, istismar olunan 10 kV-luq bu xətdə tez-tez qəzaların baş verməsinə səbəb olurdu. Məhz təbiət hadisələri səbəbindən dayaqlar dəfələrlə yıxılıb və onların yerinə müvəqqəti dayaqlar basdırılıb. Həmçinin qabaritlər pozulub, naqil keyfiyyətini itirib, nəticədə əhali və digər abonentlər saatlarla işıqsız qalıb. Bundan sonra Astaranın ən ucqar 14 dağ kəndi daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaq.