İQTİSADİYYAT
“Əşyalar interneti”nin iqtisadiyyatda rolu və əhəmiyyəti durmadan artır
Bakı, 2 dekabr, Laçın Sultanova, AZƏRTAC
“Bakutel-2014” Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları sərgisi çərçivəsində “Əşyalar interneti” adlı konfrans keçirilib. "Əşyalar interneti” hər hansı bir obyektin ölçüsündən və ya təbiətindən asılı olmayaraq rabitə məkanına inteqrasiyasını təsvir edən ifadədir.
AZƏRTAC xəbər verir ki, konfrans “Əşyalar interneti”nin bütün aspektləri üzrə müzakirələr aparmaq, məlumat və təcrübə mübadiləsini təmin etmək məqsədi daşıyıb.
Konfransda iştirak edən dövlət ekspertləri, iş adamları, elmi işçilər və qeyri-hökumət təşkilatlarının nümayəndələri gələcək əməkdaşlıq perspektivlərini araşdırıb və vacib kibertəhlükəsizlik məsələlərinə dair əsas anlayışları təqdim ediblər. Tədbir iştirakçıları milli və beynəlxalq iqtisadiyyatlarda rolu və əhəmiyyəti dayanmadan artan “Əşyalar interneti” ilə bağlı məsələləri nəzərdən keçiriblər.
Konfransda Rabitə və Yüksək Texnologiyalar naziri Əli Abbasov, İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaizi və digər rəsmi şəxslər iştirak ediblər.
Konfrans Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşkilatçılığı, Beynəlxalq Telekommunikasiya İttifaqı və Ümumdünya İqtisadi Forumunun dəstəyi, “Intel” korporasiyasının sponsorluğu ilə reallaşıb.