CƏMİYYƏT
“Atəşkəs” filmi Norveç universitetində təqdim edilib
Bakı, 7 noyabr, AZƏRTAC
“Skandinaviya Ölkələri ilə Mədəni və Elmi Əlaqələr” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə Norveçin Bergen şəhərindəki Bergen Universitetinin sosial elmlər fakültəsinin magistrləri ilə birlikdə “Azərbaycan sovetlərdən sonra” mövzusunda seminar keçirib.
İctimai Birlikdən AZƏRTAC-a verilən məlumata görə, seminar çərçivəsində Beynəlxalq Avrasiya Mətbuat Fondu və Macar Turan Fondunun birgə əməkdaşlığı sayəsində rejissor Erik Boqnar tərəfindən çəkilmiş “Atəşkəs” filminin təqdimatı olub.
Seminarı açan Bergen Universitetinin iqtisadiyyat fakültəsinin tələbəsi, “Skandinaviya Ölkələri ilə Mədəni və Elmi Əlaqələr” İctimai Birliyinin Norveçdəki nümayəndəsi Aysel Əhmədli Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etməsindən, SSRİ-nin dağılmasından sonrakı illərdə baş vermiş ictimai-siyasi hadisələr, Ermənistanın Azərbaycan ərazisinin 20 faizini işğal etməsi, bir milyondan çox azərbaycanlının öz doğma yurd-yuvasından qaçqın, köçkün düşməsi, bütün bunlara baxmayaraq ölkəmizin bu illər ərzində davamlı iqtisadi inkişafı haqqında danışıb.
“Skandinaviya Ölkələri ilə Mədəni və Elmi Əlaqələr” İctimai Birliyinin sədri Nazim Əhmədli “Atəşkəs” filmi barədə məlumat verib. O qeyd edib ki, bu film erməni vandalizminin törətdiyi ağır cinayətləri ört-basdır edən Ermənistanın 1994-cü ildə Azərbaycan ilə bağlanan atəşkəs müqaviləsindən sonra da öz öhdəliklərinə əməl etməməsindən, bu günə qədər Azərbaycanın bütün sərhədboyu ərazilərini atəşə tutmasından və nəticədə günahsız insanları qətlə yetirməsindən bəhs edir.
Çıxışlardan sonra “Atəşkəs” filmi nümayiş olunub.
Sonda N.Əhmədli seminar iştirakçılarına “Atəşkəs” filminin CD-lərini hədiyyə edib. Universitetin tələbələri filmin onlarda dərin təəssürat yaratdığını bildiriblər.