İDMAN
Atletika üzrə 37-ci qış çempionatının birinci gününün qalibləri müəyyənləşib
Bakı, 9 fevral, AZƏRTAC
Respublika Olimpiya Mərkəzində keçirilən atletika üzrə 37-ci qış çempionatında yarışlar davam edir.
Azərbaycan Atletika Federasiyasından AZƏRTAC-a bildiriblər ki, çempionatın ikinci günündə kişi və qadın atletlər 200, 800 və 3000 metr məsafələrə qaçış yarışlarında güclərini sınayacaqlar. Bundan başqa, kişilər üçtəkanlı tullanma, qadınlar isə uzunluğa tullanma yarışlarında mübarizə aparacaqlar. Nüvəitələmə yarışında isə hər iki cinsin nümayəndələri qalib adı uğrunda məharətlərini göstərəcəklər.
Yarışların birinci günündə kişilər arasında hündürlüyə tullanma yarışında Aydın Bədəlov, uzunluğa tullanmada Yadulla İbrahimov qalib adını qazanıblar. Qadınlar arasında isə hündürlüyə tullanmada İlona Salyamova, üçtəkanlı tullanmada isə Sabrina Zralova birinci yerlərə layiq görülüblər.
Qaçış növlərində kişilərin yarışlarında Rahib Məmmədov (60 metr), Teymur Salahzadə (400 metr), İlham Abışov (1500 metr) birinci yerdə qərarlaşıblar. Qadınların yarışında isə Zəkiyyə Həsənova (60 metr), Lamiyə Vəliyeva (400 metr), Kader Əlimova (1500 metr) birinci olublar.
Çempionat Gənclər və İdman Nazirliyinin və Azərbaycan Atletika Federasiyasının birgə təşkilatçılığı ilə keçirilir.