İQTİSADİYYAT
Auditorlar Palatası elmi-praktik konfrans keçirəcək
Bakı, 18 noyabr, AZƏRTAC
Azərbaycan İqtisadçılar İttifaqı və Auditorlar Palatasının birgə təşkilatçılığı ilə noyabrın 24-də “Qələbəyə aparan yol: iqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” mövzusunda onlayn elmi-praktik konfrans keçiriləcək.
Auditorlar Palatasının mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, məqsəd Prezident İlham Əliyevin müharibədən sonrakı dövrdə işğal olunmuş ərazilərin bərpasına dair konseptual təklif və göstərişlərinin reallaşdırılması istiqamətində zəruri tədbirlərin işlənib hazırlanması və həyata keçirilməsi sahəsində elmi-praktik əhəmiyyət kəsb edən tövsiyələrin müəyyənləşdirilməsidir. Konfransda Milli Məclisin deputatı, akademik Ziyad Səmədzadə, Auditorlar Palatasının sədri, professor Vahid Novruzov, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Akif Musayev və Auditorlar Palatasının bir qrup əməkdaşları və üzvləri məruzələrlə çıxış edəcəklər. Sözügedən tədbirdə dinləyici qismində iştirak etmək istəyən şəxslər aşağıdakı linkdən istifadə edərək tədbirə qoşula bilərlər: https://zoom.us/j/5282932267?pwd=QTYzTmw3ZSt5cHl5cWxJWjgrTUp1Zz09