İDMAN
Avropa Gənclər Yay Olimpiya Festivalının tennis yarışlarının ikinci gününün oyunları başlayıb
Bakı, 22 iyul, Məhərrəm Əlioğlu, AZƏRTAC
İyulun 22-də Bakı Tennis Akademiyasında “EYOF Bakı 2019” XV Avropa Gənclər Yay Olimpiya Festivalının tennis yarışlarının ikinci gününün oyunları start götürüb.
AZƏRTAC xəbər verir ki, yarışda oğlanlar və qızlar tək və qoşa kateqoriyalarda iştirak edir. Bugünkü oyunlarda oğlanların və qızların 1/32 final yarışları, eləcə də qoşa kateqoriyalarda 1/16 final qarşılaşmaları baş tutacaq.
Azərbaycan tennisçilərindən Kənan Qasımov Alessio Basile, Alina Hüseynova isə Jülyet Bovi (hər ikisi Belçikanı təmsil edir) ilə qarşılaşır.
Günün ikinci yarısında isə cütlərin yarışında təmsilçilərimiz Polina Drobiçeva/Alina Hüseynova Karolina Qomes/Rakel Qonzales (İspaniya) dueti ilə üz-üzə gələcək.
Oğlan cütlüklərin yarışının 1/16 finalında isə idmançılarımız Kənan Qasımov/Tamerlan Əzizov cütlüyü portuqaliyalı Daniel İvanov/ Tyaqo Pereyra ilə görüşəcək.
AOK-un qaydaları və Beynəlxalq Tennis Federasiyası tərəfindən qəbul edilmiş Tennis Qaydalarına uyğun keçirilir. “Bakı 2019”da iştirak edəcək idmançılar 2004-cü il yanvarın 1-dən 2005-ci il dekabrın 31-dək doğulmuş idmançılardır.