SİYASƏT
Avropa İttifaqı Şərq Tərəfdaşlığına üzv dövlətlərin ərazi bütövlüyünə dəstəklə bağlı öhdəliyini növbəti dəfə təsdiqlədi
Bakı, 15 yanvar, AZƏRTAC
Avropa Parlamentinin bu il yanvarın 15-də Strasburqda keçirilən plenar sessiyasında “Birgə Xarici və Təhlükəsizlik Siyasətinin həyata keçirilməsi üzrə illik məruzə” (Annual report on the implementation of the Common Foreign and Security Policy) adlı qətnamə böyük səs çoxluğu ilə qəbul edilib.
XİN-dən AZƏRTAC-a verilən məlumata görə, sözügedən qətnamənin 36-cı bəndində Avropa İttifaqı (Aİ) Şərq Tərəfdaşlığının bütün üzv dövlətlərinin suverenliyi, ərazi bütövlüyü və siyasi müstəqilliyinə dəstəklə bağlı öhdəliyini növbəti dəfə təsdiqləyib.
Xüsusi vurğulanmalıdır ki, qətnamədə ərazi bütövlüyü məsələsi beynəlxalq səviyyədə tanınmış sərhədlər ifadəsi ilə birgə təqdim edilir. Sənəddə Şərq Tərəfdaşlığı ərazisindəki bütün münaqişələrlə bağlı vahid yanaşma nümayiş etdirilərək onların beynəlxalq hüququn norma və prinsiplərinə uyğun şəkildə həllinə, münaqişədən əziyyət çəkənlərə, o cümlədən qaçqın və məcburi köçkünlərə dəstəyin artırılmasına dair çağırış əksini tapıb.
Qətnamədə Aİ-nin 2016-cı ildə qəbul edilmiş Xarici və Təhlükəsizlik Siyasəti üzrə Qlobal Strategiya sənədinə və Şərq Tərəfdaşlığı ölkələrinin 2017-ci il Brüssel Zirvə Görüşünün yekun sənədinə istinad olunur.
Xatırladaq ki, Aİ-nin Qlobal Strategiya sənədində dövlətlərin suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı Avropanın təhlükəsizliyinin mühüm elementi kimi qiymətləndirilib. 2017-ci il Brüssel Zirvə Görüşünün yekun sənədində də eynilə bütün Şərq Tərəfdaşlığı dövlətlərinin ərazi bütövlüyü, müstəqilliyi və suverenliyinə birmənalı dəstək ifadə olunub.
Qeyd etmək lazımdır ki, Avropa Parlamenti tərəfindən illik əsasda qəbul olunan bu qətnamə Avropa Parlamentinin il ərzində Avropa Komissiyasının fəaliyyətinə təsir göstərə biləcək məcburi xarakterli sənədlərindən biridir.