CƏBHƏ XƏBƏRLƏRİ


Avropa Prokurorlarının Məşvərət Şurasının videorejim formatında 15-ci plenar iclası keçirilib

Bakı, 20 noyabr, AZƏRTAC

Noyabrın 18-19-da Avropa Prokurorlarının Məşvərət Şurasının videorejim formatında 15-ci plenar iclası keçirilib.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, iclasda ekspert qrupu tərəfindən “Prokurorların fövqəladə hallarda, xüsusilə pandemiya dövründə rolu” adlı 15 saylı rəy müzakirə edilərək qəbul edilib.

Rəydə fövqəladə vəziyyətlərdə insan hüquq və azadlıqlarının qorunması, pandemiya dövründə prokurorluğun normal fəaliyyətinin təşkili və rast gəlinən çətinliklərin aradan qaldırılması, bu sahədə beynəlxalq əməkdaşlıq və sair tövsiyələr nəzərdə tutulub.

İclasda ölkəmizi təmsil edən Baş Prokurorluğun beynəlxalq hüquqi əməkdaşlıq idarəsinin rəisi Erkin Əlixanov çıxış edərək Ermənistanın Azərbaycana qarşı təcavüzü, otuz ilə yaxın dövrdə Ermənistan tərəfindən işğal altında saxlanılan Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə azad edildiyi, ölkəmizin beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində, o cümlədən BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq ərazi bütövlüyünü bərpa etdiyi barədə tədbir iştirakçılarını məlumatlandırıb.

Qeyd edilib ki, dövlətimizin başçısı İlham Əliyevin siyasətinə uyğun olaraq Azərbaycan Respublikasının prokurorluq orqanlarında da genişmiqyaslı islahatlar aparılıb, işin çevikliyinin və səmərəliliyinin artırılması, müasir dövrün tələblərinə cavab verən peşəkarların formalaşdırılması məqsədilə Baş Prokurorluğun strukturu mahiyyətcə tamamilə yenidən qurulub, yeni idarələr yaradılmaqla ümumilikdə idarə və şöbələrin sayı 18-ə çatdırılıb.

Həmçinin koronavirus pandemiyası dövründə ölkəmizdə görülmüş sosial, hüquqi və preventiv tədbirlər haqqında, bu müddətdə prokurorluğun fəaliyyəti barədə iştirakçılara ətraflı məlumat verilib.

Plenar iclasın sonunda İspaniyanın təmsilçisi Antonio Verşer Noquera Şuranın növbəti il üçün prezidenti, Niderlandın nümayəndəsi Han Moraal isə vitse-prezident vəzifəsinə seçiliblər.

Qeyd edilməlidir ki, Avropa Prokurorlarının Məşvərət Şurası (CCPE) dövlətin cinayət ədliyyəsi sistemində və qanunun aliliyinin qorunmasında prokurorların müstəsna rolu və Avropa Şurasına üzv dövlətlərin prokurorları arasında əməkdaşlığın vacibliyi nəzərə alınaraq 2005-ci ilin iyulunda Avropa Şurası Nazirlər Komitəsinin qərarı ilə təsis edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.