CƏMİYYƏT
Avropa Şurası ilə qarşılıqlı əməkdaşlıq çərçivəsində Ombudsman təsisatının həyata keçirdiyi layihələr müzakirə olunub
Bakı, 25 fevral, AZƏRTAC
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin üzvləri Bernd Vöringer və Stüart Dikson ilə videoformatda görüşüb. Görüşün əsas məqsədi “Yerli özünüidarə haqqında” Avropa Xartiyasının Azərbaycan tərəfindən icrası ilə bağlı növbəti monitorinq hesabatının hazırlanması üzrə müzakirəsi, son monitorinq səfərinin nəticələri əsasında qəbul edilmiş tövsiyə sənədlərinin icra vəziyyətinin təhlili olub.
Ombudsman Aparatının mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Səbinə Əliyeva ölkəmizin Avropa Şurasının insan hüquqları sahəsində sənədlərinə qoşulmasının milli qanunvericiliyin təkmilləşdirilməsinə müsbət təsiri barədə danışıb.
Videokonfransda Avropa Şurası ilə qarşılıqlı əməkdaşlıq çərçivəsində Ombudsman təsisatının həyata keçirdiyi layihələr haqqında məlumat verilib.
Azərbaycan tərəfindən “Yerli özünüidarə haqqında” Avropa Xartiyasının ratifikasiya edildiyini xatırladan ombudsmаn yerli icra hakimiyyəti və özünüidarə orqanları ilə əlaqələr barədə danışıb. Həmçinin Ombudsman təsisatı ilə yerli icra strukturları və bələdiyyələrin əsas əməkdaşlıq istiqamətlərindən bəhs olunub. Ombudsman Səbinə Əliyeva insan hüquqlarının səmərəli müdafiəsi, habelə dövlət və yerli özünüidarə orqanları, vəzifəli şəxslər tərəfindən insan hüquqlarına əməl edilməsi məqsədilə bu əməkdaşlığa önəm verildiyini diqqətə çatdırıb. Ölkənin kənd və rayonlarından ombudsmana ünvanlanan şikayətlərlə bağlı müxtəlif yerli icra hakimiyyətlərinə, bələdiyyələrə sorğular göndərildiyi, bir çox şikayətlərin təmin edildiyi vurğulanıb. Eyni zamanda, ombudsmanın bölgələrə səfərləri zamanı yerli əhali, o cümlədən ərizəçilərlə görüşlər keçirdiyi, yerli icra strukturları, bələdiyyə ilə əməkdaşlıqda əksər məsələlərin həllinə nail olunduğu diqqətə çatdırılıb. Qeyd olunub ki, insan hüquqları sahəsində maarifləndirmə istiqamətində də Ombudsman təsisatı ilə bu orqanlar arasında geniş əməkdaşlıq mövcuddur.
Bununla yanaşı, ölkəmizdə keçirilən son bələdiyyə seçkilərinə hazırlıq dövründə ombudsmanın təşəbbüsü ilə yerlərdə maarifləndirmə tədbirləri keçirildiyi, ümumilikdə, 518 məntəqədə, o cümlədən hərbi hissələrdə, penitensiar müəssisələrdə ombudsman və təsisatın əməkdaşlarının həmin seçkiləri müşahidə etdiyi qeyd olunub.