DÜNYA
Avropanı yeni immiqrasiya dalğası ehtimalı narahat edir
Brüssel, 12 noyabr, AZƏRTAC
Qış mövsümünün yaxınlaşması, habelə Suriya ərazisində apardığı antiterror əməliyyatı ilə bağlı Türkiyənin ünvanına Avropa tərəfindən tənqidin artması fonunda qarşıdan gələn bir neçə ayda Aİ-nin xarici sərhədlərinə miqrasiya təzyiqi arta bilər.
AZƏRTAC xəbər verir ki, Avropa İttifaqı ölkələrinin xarici işlər nazirlərinin Brüsseldə keçirilən görüşündə Aİ-nin bir sıra xarici siyasət idarələrinin başçılarına bu barədə xəbərdarlıq edilib. Onların çoxu mətbuat qarşısında qeyri-rəsmi çıxışlarında bildiriblər ki, insanları doğma yurdlarından ayrılıb sığınacaq axtarışında köçüb getməyə sövq edən əsaslı səbəblər son vaxtlar güclənib. Avropalı diplomatlar hesab edirlər ki, Avropanın hüdudlarından kənarda yerləşən ölkələrdə qeyri-sabitlik qitənin təhlükəsizliyinə mənfi təsir göstərir. Bir sıra Aİ ölkələrinin mövqeyi bundan ibarətdir ki, beynəlxalq siyasət problemlərin yerli səviyyədə həllinə və sonrakı miqrasiya axınının stimullaşdırılmasına deyil, insanların doğma yurd-yuvalarına qaytarılmasına kömək etməyə keçməlidir.
Məsələn, Macarıstanın Xarici İşlər və Ticarət naziri Peter Siyyarto görüşdən sonra bildirib ki, onun ölkəsi öz sərhədlərinin müdafiəsinə bundan sonra da diqqət yetirəcək və miqrantlar gələn ölkələrə yardım göstərəcək. Nazirin sözlərinə görə, Macarıstan Əfqanıstana daha 70 əsgər göndərərək, bu missiyada iştirak edən macar hərbçilərin sayını 170-ə çatdıracaq. Macarıstan Əfqanıstanda milli təhlükəsizlik və müdafiə qüvvələrinin dəstəklənməsinə ölkənin illik ödəməsini 2024-cü ilə qədər 500 min dollara qədər artıracaq.
Nazir Liviya barəsində danışarkən sərhədlərin müdafiəsinə Vışeqrad qrupu ölkələri tərəfindən daha əvvəl təklif edilmiş 35 milyon avronun öz hədəfinə çatması üçün səy göstərəcəyini vəd edib. Sudan barəsində isə deyib ki, Macarıstanın bu ölkəni dəstəkləmək üçün təklif etdiyi 90 min dolların böyük hissəsi hər il sudanlı tələbələrə təqdim etdiyi 25 təqaüd üçün nəzərdə tutulub. Bundan əlavə, Macarıstan daha bir böyük miqrant axınının qarşısını almaq üçün Aİ-nin Sudan iqtisadiyyatını stimullaşdırmaq təşəbbüsünü dəstəkləyir. “Bunun üçün Aİ-nin həmin regionların öz əhalisini doğma yerlərdə saxlamasına kömək edəcək siyasət işləyib hazırlaması və bu siyasəti dəstəkləməsi lazımdır”, - deyə nazir vurğulayıb.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Brüssel