DÜNYA
Avstraliya hakimiyyəti aborigenlərin bayrağının müəllif hüququnu satın alıb
Bakı, 25 yanvar, AZƏRTAC
Avstraliya hökuməti qitədə yaşayan aborigenlərin bayrağının müəllif hüquqlarını 20,05 milyon Avstraliya dollarına (14,4 milyon ABŞ dolları) satın alaraq onun istifadəsini hamı üçün sərbəst edib.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə Avstraliyanın Baş naziri Skott Morrison bildirib. Hökumət başçısının sözlərinə görə, 2022-ci il yanvarın 25-dən etibarən aborigenlərin bayrağı da milli bayraq kimi sərbəst istifadə oluna bilər.
“Aborigenlərin bayrağı indi Avstraliyanın milli bayrağına bərabərdir və ondan istifadə pulsuzdur. Bu bayrağa münasibət də ləyaqətli və hörmətli olmalıdır. Artıq bütün avstraliyalılar aborigen bayrağından icazə almadan istifadə edə bilərlər”, - deyə Skott Morrisonun Avstraliya hökumətinin saytında yerləşdirilən bəyanatında bildirilir.
Qeyd edək ki, Avstraliya aborigenlərinin bayrağı 1971-ci ildə Luriti qəbiləsindən olan rəssam Harold Tomas tərəfindən yerli xalqları birləşdirən vahid simvol kimi hazırlanıb. 1972-ci ildə aborigenlərin rəsmi bayrağı seçilib və 1995-ci il iyulun 14-də ölkənin ikinci rəsmi bayrağı kimi tanınıb. Bayraq ortasında sarı dairə olan yuxarıda qara və aşağıda qırmızı rəngli iki bərabər üfüqi zolaqdan ibarətdir. Qara rəng Avstraliya aborigenlərinin, qırmızı rəng Avstraliya torpağının və yerli əhalinin mərasimlərdə istifadə etdikləri boyanın, sarı rəngli dairə isə günəşin simvolu sayılır. 2018-ci ildə bayraq aborigen simvolları ilə geyimlər istehsal edən, lakin qitənin yerli xalqlarına aid olmayan “WAM Clothing” kompaniyası tərəfindən satın alınıb. Kompaniyanın bayraqdan istifadəyə görə ödəniş tələb etməsi “Bayrağı azad et” adlı ictimai hərəkatının yaranmasına səbəb olub.