DÜNYA
Avstraliyanın Baş naziri G20 liderlərini sosial şəbəkələrə nəzarəti gücləndirməyə çağırıb
Bakı, 19 mart, AZƏRTAC
Avstraliyanın Baş naziri Skott Morrison Yeni Zelandiyada baş vermiş terror aktı ilə əlaqədar G20 ölkələri liderlərinə sosial şəbəkələrə nəzarəti gücləndirmək barədə çağırış edib.
AZƏRTAC bu barədə Sinxua informasiya agentliyinə istinadla xəbər verir.
“Dünya ictimaiyyəti texnoloji kompaniyaların insanlar qarşısında mənəvi öhdəliklərini yerinə yetirməsinə nail olmalıdır. Sosial şəbəkələr terror hücumlarına çağırışları və zorakılığa haqq qazandıran materialları təcili silməlidir. Biz internetin idarəolunmaz qalmasına yol verməməliyik”, - deyə Morrison bildirib.
Baş nazir, həmçinin sosial şəbəkələrə nəzarət məsələsini G20 ölkələrinin 2019-cu ilin iyun ayında keçiriləcək görüşündə müzakirəyə çıxaracağını deyib.
Bir qədər əvvəl “Facebook” nümayəndələri bir sutka ərzində terror aktının görüntüləri ilə bağlı 1,5 milyon videonun ləğv olunduğu barədə məlumat yayıb. Bundan başqa, sosial şəbəkənin administrasiyası terrorçunun fəaliyyətini dəstəkləyən şəxslərin mesajlarını silməyə davam edir.