İQTİSADİYYAT
Avstriya İnkişaf Bankı “Finca Azerbaijan”a 30 milyon dollar kredit ayırdı
Bakı, 26 noyabr, AZƏRTAC
Noyabrın 26-da “Finca Azerbaijan” qeyri-bank kredit təşkilatı və Avstriya İnkişaf Bankı (OeEB) arasında 30 milyon ABŞ dolları məbləğində kredit müqaviləsi imzalanıb.
AZƏRTAC xəbər verir ki, bu münasibətlə keçirilən mətbuat konfransında çıxış edən “Finca Azerbaijan” qeyri-bank təşkilatının ölkə direktoru Timoti Tarrant 5 illik müqavilə əsasında ayrılacaq kreditin təşkilatın öz müştərilərinə davamlı maliyyə xidmətləri göstərməsinə zəmin yaradacağını bildirib. Qeyd edib ki, bu, bank xidmətlərindən hələ də faydalanmaqda çətinlik çəkən ucqar regionlarda yaşayan kiçik və orta sahibkarlara dəstək olacaq. Belə ki, kənd təsərrüfatı ilə məşğul olan 15 min nəfərdən çox müştəriyə maliyyə xidmətləri, müxtəlif növ kredit məhsulları təqdim ediləcək.
Mətbuat konfransında vurğulandı ki, hər iki beynəlxalq investorlarla ilk dəfə əməkdaşlığa imza atan təşkilata Niderland İnkişaf Bankının dəstəyi ilə əlavə olaraq digər bir investor tərəfindən daha 10 milyon ABŞ dolları məbləğində kreditin ayrılması da gözlənilir.
Tədbirdə Avstriyanın Azərbaycandakı səfirliyinin, Avropa İttifaqının, Niderland İnkişaf Bankının, yerli və beynəlxalq maliyyə qurumlarının nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, “Finca Azerbaijan” hazırda 235 milyon ABŞ dollarından artıq ümumi kredit portfeli ilə ölkənin bütün regionlarında fəaliyyət göstərən 65 filial vasitəsilə 150 min nəfərdən çox aktiv müştəriyə maliyyə xidmətləri göstərir.