CƏMİYYƏT


Avstriya bostançıları 655 kiloqram çəkisi olan balqabaq yetişdiriblər

Vyana, 8 oktyabr, AZƏRTAC

Ötən həftəsonu Avstriyanın Tulln şəhərində ənənəvi balqabaq çempionatı keçirilib.

AZƏRTAC xəbər verir ki, müxtəlif kateqoriyalarda yarışan yerli və əcnəbi bostançılar il ərzində yetişdirdikləri balqabaqları təqdim ediblər.

Frants Mathias adlı bostançının yetişdirdiyi balqabaq builki müsabiqənin qalibi olub. Onun yetişdirdiyi balqabaq at ağırlığında olub. Bostançı 655 kq çəkiyə malik balqabağı heç bir kimyəvi maddənin köməyi olmadan yetişdirib. “Atlantic Giant” adlı bu nəhəng balqabaq sortu xüsusi qayğı tələb edir. Yeyilməsi mümkün olsa da, qeyri-adi çəkisi onun kütləvi istehlak üçün əkilməsini mümkünsüz edir və əsasən seleksionerlər tərəfindən müsabiqələr üçün yetişdirilir.

Avstriya ənənəvi olaraq balqabaq yetişdirilməsi və onun tumundan alınan yağın ixracatı üzrə tanınır. Dünyada hər il salınan təxminən 100 min hektar balqabaq plantasiyalarının 40 faizi Avstriyanın payına düşür.

Qeyd edək ki, indiyədək dünyada ən böyük balqabağı belçikalı bostançılar yetişdiriblər. 2016-cı ildə təqdim olunan həmin balqabağın çəkisi 1190,5 kq olub.

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Vyana 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.