DÜNYA


Avstriya hökuməti pandemiya ilə əlaqədar yenidən bir sıra məhdudiyyətlər tətbiq edəcək

Vyana, 16 iyul, AZƏRTAC

Avstriya hökuməti ölkədə koronavirusa yoluxma hallarını, xüsusilə də koronavirusun “delta“ ştamının sürətlə yayılmasını nəzərə alaraq, bir sıra məhdudiyyətlər barədə qərarını açıqlayıb.

AZƏRTAC xəbər verir ki, iyulun 22-dən sonra gecə fəaliyyət göstərən qastronomiya obyektlərinə giriş yalnız koronavirusa qarşı peyvənd olunmuş şəxslər və ya “yaşıl pasport“ sahibləri üçün mümkün olacaq. Eyni zamanda bu obyektlərə daxil olanlar mütləq qaydada qeydiyyatdan keçməli olacaqlar.

Avstriyanın səhiyyə naziri Volfqanq Mükştayn bildirib ki, hökumət artan statistikanı nəzərə alaraq, yoluxmanın ən çox müşahidə olunduğu sahələrdə məhdudiyyətlər tətbiq etməli olub. Qeyd edilib ki, ötən yay buraxılan səhvlərin yenidən təkrarlanmaması üçün hökumət və sosial tərəfdaşlar epidemioloji inkişafa erkən reaksiya vermək barədə fikir birliyi əldə ediblər.

Yeni qaydalara əsasən, gecə qastronomiyasında indiyədək qüvvədə olan “3-G qaydaları“ (peyvənd olunmuş, mənfi test arayışı olan və ya xəstəlikdən sağalmış şəxslərə sərbəst giriş) əvəzinə müddəti 72 saatdan artıq olmayan PCR testi və “yaşıl pasport“un təqdim edilməsi lazım gələcək. “Yaşıl pasport“ isə peyvəndin ilk dozasından sonra deyil, tam immunizasiya mərhələsində aktivləşəcək.

Səhiyyə naziri ölkənin gənc əhalisinə müraciət edərək, onları vaksinasiya kampaniyasında aktiv iştirak etməyə çağırıb. Qeyd edilib ki, yenidən lokdauna gedilməməsi üçün ölkədə peyvənd olunanların sayı artırılmalıdır.

Federal Kansler də öz müraciətində insanları pandemiyaya qarşı mübarizədə dövlətin məhdudlaşdırıcı tədbirlərini gözləmək əvəzinə fərdi məsuliyyət hissi ilə hərəkət etməyə çağırıb. O da bu istiqamətdə vaksinasiyanı həlledici amil kimi dəyərləndirib.

Qeyd edilməlidir ki, son iki həftə ərzində Avstriyada gündəlik yoluxma halları 100-dən 300-dək artıb və yeni yoluxma hallarının təxminən 90 faizi “delta“ ştamının payına düşür.

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Vyana

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.