SİYASƏT
Avstriya nümayəndə heyətinə Azərbaycandakı inkişaf prosesləri barədə məlumat verilib VİDEO
Bakı, 21 fevral, AZƏRTAC
Fevralın 21-də Milli Məclisin aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov Avstriya Respublikasının Federal Nəqliyyat, İnnovasiya və Texnologiya Nazirliyinin baş katibi Andreas Rayxhartın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, Eldar İbrahimov ölkəmizin 1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra keçdiyi inkişaf yolundan danışıb. O, ümummilli lider Heydər Əliyevin Avstriya dövləti ilə çox gözəl münasibətlərin təməlini qoyduğunu, bu gün Prezident İlham Əliyev tərəfindən bu ənənənin uğurla davam etdirildiyini vurğulayıb. Komitə sədri münasibətlərimizin inkişafında parlamentlərarası dostluq qruplarının önəmini qeyd edib və Milli Məclisin Avstriya parlamenti ilə dostluq qrupunun fəaliyyətini yüksək qiymətləndirib.
Sonra Eldar İbrahimov Azərbaycanda kənd təsərrüfatının inkişafından da söz açıb. O, son 14 ildə ölkəmizdə aparılan iqtisadi islahatlardan, aqrar sahənin sürətli dirçəlişindən danışıb. Bildirib ki, bu gün kənd təsərrüfatı sahəsi bütövlükdə vergidən azaddır. Bu illər ərzində sahibkarlığın inkişafı ilə əlaqədar kənd təsərrüfatı sahəsinə dövlət tərəfindən 2 milyard manat güzəştli subsidiya ayrılıb. Regionların inkişafı və ərzaq təhlükəsizliyi ilə bağlı dövlət proqramları həyata keçirilir. Bu gün Azərbaycan yalnız taxıl məhsulu istisna olmaqla bütün ölkə əhalisini kənd təsərrüfatı məhsulları ilə özü təmin edir və ötən il 502 milyon manatlıq kənd təsərrüfatı məhsulu ixrac edilib.
Avstriyanın Federal Nəqliyyat, İnnovasiya və Texnologiya Nazirliyinin baş katibi Andreas Rayxhart Azərbaycanda keçirdikləri görüşlərdən dərin təəssürat aldıqlarını söyləyib. Qonaq Avstriyanın kənd təsərrüfatı sahəsində qazandığı nailiyyətlərdən və Azərbaycanla ortaq layihələrdə iştirak imkanlarından ətraflı söhbət açıb.
Söhbət zamanı qarşılıqlı maraq doğuran bir sıra məsələlər barəsində fikir mübadiləsi aparılıb.
Görüşdə deputatlar Eldar Quliyev, Novruz Aslan, Eldəniz Səlimov, səfirlər Qalib İsrafilov, Aksel Vex və digər rəsmi şəxslər iştirak ediblər.