DÜNYA


Avstriya tədqiqatçıları 44 yeni kəpənək növü aşkarlayıblar

Vyana, 29 noyabr, AZƏRTAC

Cəmiyyətdə belə bir fikir formalaşıb ki, bitki və heyvanat aləmində elmə məlum olmayan növ qalmayıb. Lakin alimlər heç də belə hesab etmirlər. Xüsusilə alimlər okeanın dərinliklərində flora və faunanın tam tədqiq edilmədiyi, eləcə də həşəratların heç də hamısının elmə məlum olmadığı qənaətindədirlər.

AZƏRTAC xəbər verir ki, bu məqsədlə beş il elmi tədqiqat və axtarışlar aparan bir qrup avstriyalı alim elmə indiyədək məlum olmayan 44 kəpənək növü müəyyən edib. Həmin növlərdən 22-sinin coğrafi cəhətdən dünyanın ən yaxşı tədqiq olunmuş Avropa qitəsində yaşaması isə elmi dairələrdə maraqla qarşılanıb. Yüz otuz il əvvəl Avropada rast gəlinən kəpənək növləri sinifləndirildikdən sonra alimlər bu qitədə elmə sirr olaraq qalan heç bir kəpənək növünün yaşamadığını hesab edirdilər.

Alimlər tədqiqat müddətində həşəratların digər növlərdən fərqlənən forma, rəng və anatomik quruluşu kimi klassik metodlarla yanaşı, genetik analizlər də həyata keçiriblər. Aşkarlanan yeni növlərin əksəriyyətinin artıq genetik barkodları hazırlanıb.

Hazırda dünyada 180 min kəpənək növü məlumdur. Onların 10 mininə Avropada rast gəlmək mümkündür. Alimlər ehtimal edirlər ki, elmə məlum olan kəpənək növlərinin sayı hələ aşkarlanmayan növlərdən üç dəfə azdır.

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Vyana

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.