CƏMİYYƏT
Avtomobillə adam vurub qaçan şəxs tutulub
Bakı, 23 oktyabr, AZƏRTAC
Binəqədi rayonunun Binəqədi qəsəbəsi ərazisində ötən gün ölümlə nəticələnən yol-nəqliyyat hadisəsinin baş verməsi barədə rayon polis idarəsinə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, hadisə yerinə gələn istintaq-əməliyyat qrupu tərəfindən ərazi ətraflı müayinə olunub, zəruri tədbirlər həyata keçirilib. Məlum olub ki, yolu keçmək istəyən Binəqədi qəsəbə sakini, 77 yaşlı Xanım Nəbiyeva naməlum avtomobillə vurulub və o, hadisə yerində ölüb.
Təxirəsalınmaz tədbirlərlə hadisənin “Lada Granta” markalı avtomobillə törədilməsi müəyyən edilib. Əməliyyat-axtarış tədbirləri ilə həmin avtomobilin yeri müəyyənləşdirilib və onu idarə edən sürücü şübhəli şəxs qismində saxlanılaraq polis idarəsinə gətirilib.
İstintaqa təhvil verilən şəxsin Bakı şəhər sakini Akif Məmmədov olduğu məlum olub.
Faktla əlaqədar Binəqədi Rayon Polis İdarəsində cinayət işi başlanılıb.