CƏMİYYƏT
Aydın Hüseynov: Minimum əməkhaqqının artırılması Azərbaycanın iqtisadi yüksəlişinin göstəricisidir
Bakı, 11 fevral, AZƏRTAC
Azərbaycan Prezidentinin minimum əməkhaqqının artırılması ilə bağlı Sərəncamı 600 minədək insanı əhatə edəcək. Sərəncama əsasən, Azərbaycanda minimum əməkhaqqının məbləği 2019-cu il martın 1-dən 50 manat, yəni 38,4 faiz artırılaraq 130 manatdan 180 manata çatdırılır və ölkəmizdə minimum əməkhaqqının yaşayış minimumuna (180 manat) çatdırılması təmin edilir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.
Deputat qeyd edib ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamı əhalinin bütün qruplarının yaşayış səviyyəsinin yüksəlməsinə səbəb olacaq. 2019-cu il üçün yaşayış minimumu ölkə üzrə 180 manat, əmək qabiliyyətli əhali üçün 191 manat, pensiyaçılar üçün 149 manat, uşaqlar üçün 160 manat məbləğində müəyyən edilib. Minimum əməkhaqqının artırılması Azərbaycanda iqtisadi yüksəlişin göstəricisi kimi də qiymətləndirilməlidir. Belə ki, sosial siyasətin təməl prinsipində güclü iqtisadiyyat dayanır. Azərbaycan istər regional, istərsə də beynəlxalq iqtisadiyyatda qabaqcıl yerlərdən birini tutur, o cümlədən nəhəng layihələrin reallaşdırılmasında həm təşəbbüskar, həm də ideyaverici qismində çıxış edir.
Deputatın fikrincə, minimum əməkhaqqının artırılmasını təmin edən sosial əhəmiyyətli qərar həm də əmək münasibətlərinin leqallaşdırılması istiqamətində sağlamlaşdırıcı təsir göstərəcək ki, bu da vətəndaşların həyatında özünü göstərəcək.