İQTİSADİYYAT
Azərbaycan 53 dövlət ilə ikiqat vergitutmanın aradan qaldırılması haqqında ikitərəfli müqavilələr imzalayıb
Bakı, 5 avqust, AZƏRTAC
Azərbaycan 53 dövlətlə ikiqat vergitutmanın aradan qaldırılması haqqında ikitərəfli müqavilələr imzalayıb ki, onlardan 49-u qüvvəyə minmiş və tətbiq olunmaqdadır.
AZƏRTAC vergiler.az saytına istinadla bildirir ki, Danimarka, İspaniya, İsrail və İordaniya ilə imzalanmış analoji sənədlər isə müvafiq prosedurlar bitdikdən sonra qüvvəyə minəcək.
Bundan əlavə, 10 ölkə ilə ikitərəfli və iki çoxtərəfli “Vergi qanunvericiliyinə əməl olunması üzrə əməkdaşlıq və qarşılıqlı yardım haqqında” sazişlər imzalanıb. Yeddi ölkə ilə ikitərəfli və bir çoxtərəfli “Vergi cinayətlərinə qarşı mübarizədə əməkdaşlıq haqqında”, 8 ölkə ilə ikitərəfli “Əməkdaşlıq haqqında” sazişlər bağlanıb.
Hasilatın Pay Bölgüsü Haqqında sazişlərə (HPBHS) əsasən, 1994-cü ildən etibarən neft-qaz sahəsi üzrə xüsusi vergi rejimi tətbiq edilməyə başlanılıb ki, hazırda ümumilikdə qüvvədə olan 23 sazişlə xüsusi vergi rejimində fəaliyyət göstərən vergiödəyicilərinə, yalnız mənfəət vergisi istisna olmaqla, digər vergilərə güzəştlər müəyyən edilib.
Ümumilikdə, Azərbaycan ilə 47 ölkə arasında sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında ikitərəfli sazişlər imzalanıb.