İQTİSADİYYAT
“Azərbaycan Balıq İstehsalçıları və Emalçıları Assosiasiyası” İctimai Birliyi yaradılıb YENİLƏNİB
Bakı, 23 iyul, AZƏRTAC
Respublikada balıqçılığın inkişafı dövlətin qarşısında duran prioritet vəzifələrdən biridir. “Azərbaycan Balıq İstehsalçıları və Emalçıları Assosiasiyası” İctimai Birliyinin yaradılması bu işə öz töhfəsini verəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə iyulun 23-də Aqrar Tədqiqatlar Mərkəzində “Azərbaycan Balıq İstehsalçıları və Emalçıları Assosiasiyası” İctimai Birliyinin yaradılmasına həsr olunan tədbirdə məlumat verilib.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Araz İsmayılov yaradılan İctimai Birliyin məqsədini açıqlayaraq qeyd edib ki, assosiasiyanın yaradılması günün tələblərindən irəli gəlir və ölkədə balıq istehsalının artmasına, ixracına dəstək verəcək: “Bundan başqa, Kənd Təsərrüfatı və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə yaradılan İctimai Birliyin digər məqsədi də beynəlxalq təcrübəyə əsaslanan təlimlərin keçirilməsi, assosiasiya üzvlərinin problem və ehtiyaclarının öyrənilməsi, ölkə daxilində və assosiasiya üzvləri tərəfindən istehsal edilən məhsulların xaricdə keçirilən beynəlxalq sərgi və yarmarkalarda nümayişinin təşkili, gələcəkdə müxtəlif balıq məhsullarının istehsalının stimullaşdırılması da birlik tərəfindən reallaşdırılacaq məqsədyönlü tədbirlərdəndir”.
Araz İsmayılov onu da vurğulayıb ki, İctimai Birlik müasir innovasiyanın tətbiqi sahəsində bazaryönümlü məhsulların istehsalının artmasına dəstək göstərəcək. Eyni zamanda nəzərə çatdırılıb ki, son bir ildə Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi ilə 14 istiqamətdə sahəvi assosiasiyanın yaradılması və onların işinin təşkili istiqamətində tədbirlər görülüb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin departament rəhbəri Hikmət Əlizadə isə qeyd edib ki, kənd təsərrüfatı məhsullarının istehsalının artırılması, ölkədə ərzaq təhlükəsizliyinin təmin edilməsi qarşıda duran əsas vəzifələrdəndir: “Ən vacib istiqamətlərdən biri də balıqçılıqdır. Dövlətimiz balıqçılıqla bağlı istehlak miqdarının ən azı dünya üzrə orta göstəriciyə çatdırmağı planlaşdırır. Bununla əlaqədar, Kənd Təsərrüfatı və Ekologiya və Təbii Sərvətlər nazirlikləri, həmçinin Qida Təhlükəsizliyi Agentliyi birgə silsilə tədbirlər həyata keçirir”.
Tədbirdə İctimai Birliyin İdarə heyəti formalaşıb, sədr və müavinləri, eləcə də üzvləri seçilib.